"Ərdoğanla Trampın görüşündən real nəticə gözləmək əbəsdir" ÖZƏL-ŞƏRH

“İlk növbədə qeyd etmək istərdim ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a rəsmi səfər etməyib. Türkiyə prezidenti BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə gedib. Hələ heç Ərdoğanın ABŞ prezidenti Donald Trampla görüşüb-görüşməyəcəyi bəlli deyil”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə tərəfinin mövqeyi belədir ki, əgər Amerika bu görüşü istəyirsə özü təşəbbüs göstərsin: “Çünki Türkiyə özü təşəbbüs göstərməyəcək. Türkiyəyə qarşı sanksiyaları Amerika tətbiq edib. Ona görə də birinci addımı rəsmi Amerika atmalıdır. Səfərdə ikitərəfli məsələlərin müzakirə olunacağı gözləniləndir. Əksinə Ərdoğan Amerikanı getdikcə sərt tənqid edir. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Rusiyanın nüfuzlu “Kommersant” qəzetində yayınladığı yazısında da deyir ki, Türkiyə Amerikanın Suriyadakı radikal və terrorçu kürd təşkilatlarına verdiyi dəstəkdən narahatdır və onu yolverilməz hesab edir. Bu mənada Amerikanın dəyişən bir siyasəti yoxdur. Ona görə də Ərdoğanla Tramp arasında görüş olsa belə bu görüşdən real nəticə gözləmək də əbəsdir”.

Politoloq bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bizə müttəffiq olan bir dövlətin prezidenti olduğu üçün Qarabağ məsələsi hər zaman gündəmə gəlir: “Düşünürəm ki, əgər BMT Baş Assambleyasının 73-cü sessiyasında onun çıxışı olacaqsa, o hər zamankı kimi yenidən diqqəti Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyinə yönəldəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...