Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir

12 avqust Beynəlxalq Gənclər günüdür. Bu gün BMT-nin qərarı ilə gənclərə lazimi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə 1999-cu ildə müəyən edilib və 2000-ci ildən qeyd olunur. Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin bu gün müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.

Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi.

Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Prezident İlham Əliyevin qayğısı ilə ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. 2005-ci ildə Dövlət başçısının təsdiq etdiyi “Azərbaycan gəncliyi 2005-2009-cu illər Dövlət Proqramı” uğurla həyata keçirildi. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olundu, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyuldu. İndi bu nazirlik Azərbaycan gəncliyinin formalaşmasında Ulu Öndərin arzu və amallarını davam etdirən ən böyük qurumdur...

...Dövlət gənclər siyasəti, ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Prezident İlham Əliyevin böyük önəm verdiyi sahədir. Dövlətimizin başçısının gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı” haqqında 6 aprel 2011-ci il tarixli sərəncamı, proqramın hazırlanması üçün işçi qrupunun yaradılması gəncliyin rifahına hesablanan dövlət qayğısını bir daha ortaya qoydu. Dövlət başçısının digər bir Fərmanı ilə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradıldı...

...Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. 2007-ci il Azərbaycanda “Gənclər ili” elan edildi və bu çərçivədə silsilə tədbirlər həyata keçirildi...

..Ölkəmizdə istedadlı gənclərə qayğı da xüsusi yer tutur. Bunun nəticəsidir ki, 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı, “Avroviziya – 2011” mahnı müsabiqəsində ölkəmizi təmsil edən gənclər qələbə qazandılar. Bu qələbə isə mötəbər yarışmanın 2012-ci ildə Azərbaycanda keçirilməsinə səbəb oldu. Ölkəmiz isə bu yarışmaya yüksək səviyyədə ev sahibliyi etməklə öz adını “Evrovision” tarixinə böyük hərflərlə yazdı…

...Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. 1997-ci ildən, həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır. Təsadüfi deyil ki, beynəlxalq yarışlarda iştirak edən idmançılarımızın sayı ildən-ilə artır...

....Prezident İlham Əliyevin (16 yanvar 2012-ci il tarixli) Sərəncamı ilə Azərbaycanda “İdman ili” elan edilən 2012-ci il də Azərbaycan idmançıları üçün çox məsuliyyətli il oldu. İdmançılarımız 2012-ci il 30-cu London Yay Olimpiya oyunlarında uğurla çıxış etdilər. Azərbaycan London Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olundu, 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla bundan qabaqkı olimpiya oynlarındakı uğurlarını təzələdi...

....Azərbaycan artıq çox mötəbər beynəlxalq idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatları uğurla keçirilir. 2012-ci ilin sentyabrında isə Azərbaycan futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatına böyük müvəffəqiyyətlə ev sahibliyi etdi...

..2012-ci il dekabrın 8-də isə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında tarixi qərara qəbul edildi. Bu, ölkəmizdə idman sahəsində görülən böyük işlərin nəticəsi, eyni zamanda Avropa Olimpiya ailəsinin Azərbaycana verdiyi yüksək qiymətdir.

...2017-ci ildə isə Azərbaycan 4-cü İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etdi. Bu barədə qərar iyulun 21-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında qəbul edildi.

...İndi ölkəmizdə çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib. Azərbaycan gənclərin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. “Rusiyanın Azərbaycanlı gənclər təşkilatı” isə özünün çoxşaxəli fəaliyyəti ilə onlara əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin Rusiya və dünyadakı maraqlarını layiqincə təmsil edir...

Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Bütün xəbərlər Facebook səhifəmizdə