"Azərbaycanşünaslığın aktual problemləri" adlı beynəlxalq elmi konfrans keçirilib YENİLƏNİB - SƏS TV

Bakı Slavyan Universiteti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan "Azərbaycanşünaslığın aktual problemləri" adlı IX beynəlxalq elmi konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatları, xarici qonaqlar və digər nümayəndələr iştirak ediblər.

Tədbirin açılış mərasimi Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransda ilk çıxış edən Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva qonaqları salamlayaraq konfransın məqsədi haqqında məlumat verib: "Bu konfrans bizim elmi potensialımızı, intellektual gücümüzü bir araya gətirən mühüm hadisədir. Azərbaycan müstəqilliyinin ilk dövründə Ulu Öndər Heydər Əliyev gələcək uğurlu inkişafımızın ideoloji prinsiplərini dəqiq müəyyən edib.
Ümummilli Lider öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni müstəviyə, siyasət müstəvisinə keçirdi. Dahi şəxsiyyət azərbaycançılıq ideologiyasını dövlət siyasətinin tərkib hissəsinə çevirməklə dövlətçiliyin milli-mənəvi dəyərlər üzərində yüksəlməsinin vacibliyini bir daha təsdiqləmiş oldu. BSU-nun yaradılması da Ulu Öndərin ideyası idi. O, bu universiteti dünyaya, ilk növbədə slavyan dünyasına açılan bir qapı kimi gördü. Bu gün universitetin qazandığı uğurlar Ümummilli Liderin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha təsdiq edir".

N.Əliyeva dahi şəxsiyyətin qısa müddət ərzində müstəqil Azərbaycanı stabil, inkişaf etmiş qüdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdiyini vurğulayıb.

BSU-nun rektoru Prezident İlham Əliyevin Ümummilli Liderin dövlətçilik ənənələrini daha da inkişaf etdirərək iqtisadi baxımdan güclü, siyasi-diplomatik baxımdan çevik, hərbi baxımdan qüdrətli bir Azərbaycan kimi dünyada tanınmasına nail olduğunu qeyd edib.

Konfransın işinə uğurlar arzu edən rektor bildirib ki, hər il keçirilən beynəlxalq konfransda daha yeni mövzular və uğurlar meydana çıxacaq.

Sonra Ümummilli lider Heydər Əliyevə həsr olunan video-çarx nümayiş olunub.

Nümayişin ardından təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək bildirib ki,
Ümummilli lider azərbaycançılığı tarixi sərvət kimi dəyərləndirib: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Azərbaycan burada yaşayan bütün xalqların vətənidir. Azərbaycanın ən böyük sərvəti qədimdın bu torpaqlarda yaşayan müxtəlif dinə xidmət edən insanlardır. Ulu Öndərin azərbaycançılıq məfkurəsi mühüm amil kimi ölkəmizdə yaşayan xalqların birləşməsinə imkan yaradır. Hər kəs bundan qürur duymalı, bu adət-ənənələri yaratmalıdır".

Nazir müavini söyləyib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabit, dayanıqlı ölkə kimi tanınır: "Təhsilin bütün pillələrində azərbaycançılıq məfkurəsi öyrədilir. Gənclərimizə tolerantlıq öyrədilir, dözümlülüyün prioritet kimi qəbul olunması istiqamətində işlər həyata keçirilir. Ölkəmizdə hər kəsin təhsil alması üçün bərabər şərait yaradılıb. Bu sahənin əhatəli araşdırılması, öyrənilməsi üçün bir sıra məktəblərdə azərbaycanşünaslıq mərkəzləri yaradılıb. Ulu öndərin ruhunu böyük ehtiramla yad edir. Dahi şəxsiyyətə Allahdan rəhmət diləyirik".

Konfransın davamında çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erhan Özoral söyləyib ki, Ulu Öndər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının yetişdirdiyi liderlərdən biridir: "Heydər Əliyev Azərbaycan tarixində böyük rola malikdir. Ümummilli Liderin Azərbaycanda hakimiyyətə gəlməsi ilə ölkəniz inkişaf etməyə başladı. Azərbaycan-Türkiyə münasibətləri də o zamana qədər olmadığı yüksək səviyyəyə gəlib çıxdı. Bu gün Azərbaycan müstəqilliyinin 27-ci ilinə gəlib çıxıb. Müstəqilliyin ilk illərində çətinliklərə baxmayaraq, bu gün Azərbaycan Qafqazda lider ölkəsinə çevrilib".

Prezident İlham Əliyevin seçkilərdən sonra ilk olaraq Türkiyəyə səfərini xatırladan səfir söyləyib ki, Azərbaycan və Türkiyə bir yerdə çox güclüdür: "Mən çox şadam ki, Türkiyəni məhz Azərbaycanda təmsil edirəm".

Daha sonra çıxış edən natiqlər konfransın gedişinə uğurlar arzu ediblər.

Konfrans öz işini bölmələr üzrə davam etdirib.

Qeyd edək ki, beynəlxalq konfransa 310 alim qatılıb. Bu alimlərin 14-ü xarici qonaqlar sırasındadır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə