Elxan Şahinoğlu: “Kasprşikin fəaliyyəti işğalçılara xidmətdir” ŞƏRH

“ATƏT-in 2017-ci il üzrə hesabatında deyilir ki, il ərzində ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun komandası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti daimi analiz etmək üçün monitorinqlər həyata keçiriblər. Hesabatda ən önəmli cümlə budur: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə Kasprşikin ofisi fəal təsir göstərib”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, əslində bu cümlə bizə təhqirdir və Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in bu hesabatına etiraz etməlidir: “Məgər bölgədə sülh var ki, Kasprşik də ona xidmət etsin? Tam əksinə, sülh olmayan şəraitdə Kasprşikin fəaliyyəti faktiki torpaqlarımızın işğalının davamına xidmət edir. Çünki, Kasprşik və onun komandası atəşkəsin monitorinqini aparır, bu isə o deməkdir ki, Azərbaycan ordusu torpaqlarını azad etmək üçün qarşı tərəfə atəş açmamalıdır. Kasprşik və komandası ötən il 24 monitorinq aparıblar, bunların 6-sı Ermənistan-Azərbaycan sərhədində, 18-si isə təmas xəttində aparılıb. Soruşa bilərsiniz ki, Kasprşik niyə cəbhə bölgəsində Azərbaycan-Ermənistan sərhədindən 3 dəfə çox monitorinq aparır? Çünki, Kasprşik bilir ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur, sərhəddə monitorinqə çox da ehtiyac yoxdur, ancaq Dağlıq Qarabağ ətrafındakı torpaqları geri almaq üçün plan hər zaman aktualdır. Ona görə də Kasprşikin vəzifəsi Qarabağ istiqamətində bizə mane olmaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə