Asim Mollazadə: “Minsk qrupu institutunu ciddi müzakirə etməliyik” MÖVQE

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Fransa da çox yaxşı bilir ki, regionda gərginliyin əsas səbəbi Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalını davam etdirməsidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Fransanın belə bir mövqedən çıxış etməsinin əsas səbəbi bu ölkədə olan güclü, zəngin və təşkilatlanmış erməni diasporasının böyük təsiri ilə bağlıdır: “Biz çox istərdik ki, həmsədrlik funskiyasını daşıyan ölkə ilk növbədə işğalçının siyasətinə qiymət versin. Zənnimcə bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində daha effektiv nəticələr verə bilər. Fransa Xarici İşlər Nazirliyinin bu açıqlaması çox təəssüf hissi doğurur. Əslində biz ATƏT-in Minsk qrupu institutunu ciddi müzakirə etməliyik. Çünki hansısa nəticə verməyən 25 illik fəaliyyətdə ciddi dəyişikliklərə ehtiyac var”.

Qeyd edək ki, Fransa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesini dəstəkləməyə davam edəcək: “Biz münaqişə tərəflərini bu istiqamətdə məsuliyyətli fəaliyyət göstərməyə, xüsusi ilə vəziyyəti gərginləşdirə biləcək addımlar atmamağa çağırırıq”.

Xatırladaq ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycanla Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun üç həmsədr (ABŞ və Rusiya ilə birlikdə) ölkəsindən biridir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə