Rəşad Mahmudov Gömrük Hospitalında ETT Mərkəzinin sədri təyin olunub

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin sədri təyin olunub. Bu barədə SİA-ya məlumat verən Rəşad Mahmudov artıq bu gündən fəaliyyətə başladığını bildirib.

Qeyd edək ki, 1997-2002-ci illərdə Türkiyə Respublikasındakı Ege Universitetinin ürək-damar cərrahiyəsi mərkəzində, 2003-2004-cü illərdə Türkiyə Respublikasındakı Şifa Xəstəxanalar Qrupunda, 2004-2005-ci illərdə Türkiyə Respublikasının İzmir şəhərindəki Kent xəstəxanasında ürək-damar cərrahı işləyib.

Daha sonra R. Mahmudov Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı kimi fəaliyyət göstərib. Ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri olaraq 8000-dən çox yaşlı və uşaqlarda açıq ürək əməliyyatları aparıb.

2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə (V çağırış) seçkilərdə Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən deputat seçilib. Xaricdə 1 kitabı, 15 elmi məqaləsi və 40 tezisi, Azərbaycanda isə 8 elmi məqaləsi və 5 tezisi çap olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə