“Neonatal reanimasiya” üzrə təlimlər keçirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Yenidoğulmuşların reanimasiyası” üzrə praktik təlim kursuna başlanılıb. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, kurs perinatal yardıma dair Amerikanın Pediatrik Akademiyası və Amerikanın Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış təlim proqramı əsasında keçirilir. Ölkənin şəhər və rayonlarının doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kursda həmçinin reanimasiyaya köçürülmüş körpələrin müalicə-müşahidə proqramını tərtib etmək bacarığı da öyrədilir.

Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov antenatal (doğuşa qədər müddət), intranatal (doğuş zamanı) və postnatal (doğulduqdan sonra) dövrlərdə körpələrdə müşahidə olunan problemlər və onların aradan qaldırılması üçün görülə biləcək tədbirlər haqqında kurs iştirakcılarına məlumat verilib, reanimasiyaya hazırlıq, adaptasiya dövrü, neonatal qayğının ilkin addımları, neonatal reanimasiyanın icmalı və prinsiplərindən söz açılıb.

Təlim kursunda yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, eyni zamanda təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların təcrübədə tətbiqi öyrədiləcək. Həmçinin iştirakçılara komanda işinin aparılması və yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərilməsi, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardımın tətbiqi, müvafiq tibb müəssisələrinə onların vaxtında çatdırılmasının təmin olunması ilə bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, kurs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunub. Kursun kredit miqdarı 25 bal təşkil edir. Təlimi müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...