Şərurda seminar-müşavirə təşkil edilib

Fevralın 21-də Şərur Olimpiya İdman Kompleksində 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur seçki dairələrinin məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirə keçirilib.

Tədbirdə çıxış edən 2 saylı Şərur dairə seçki komissiyasının sədri İbrahim Abbasov bildirib ki, bu il aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Şərur rayonunda da lazımi hazırlıq işlər görülür. Bu gün 2 saylı Şərur seçki dairəsinin seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb. Hazırda Şərur seçki dairəsinin 78 daimi, 2-si müvəqqəti olmaqla, 80 məntəqəsi var. Aparılan dəqiqləşdirmələr nəticəsində Şərur rayonu üzrə seçicilərin sayının 69 min 800 nəfər olduğu müəyyənləşib. Onlardan 33 min 982-si kişi, 35 min 818-i qadındır. İlk dəfə səs verənlərin sayı 338 nəfərdir, onlardan 187-si kişi, 151-i qadındır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən növbəti prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub. Prezident seçkilərinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasında, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında hazırlıq işlərinə başlanılıb. Məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün təşkil olunan seminar-müşavirə də qarşıdan gələn prezident seçkilərinin ən yüksək səviyyədə keçirilməsi üçün üzərimizə düşən vəzifələrin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

1 saylı Şərur-Sədərək və 2 saylı Şərur seçki dairələrinin müasir inzibati binalarla təmin edilməsi, bu dairələrin əhatə etdikləri seçki məntəqələrinin fəaliyyəti üçün zəruri şəraitin yaradılması Şərur rayonunda seçkilərin yüksək səviyyədə keçirilməsinə geniş imkanlar açır.

Qeyd olunub ki, Seçki Məcəlləsinin tələbinə görə, seçki komissiyaları vətəndaşların səsvermə hüququnu təmin etmək, seçki subyektlərinin fəaliyyətini qanunun tələbinə uyğun idarə etmək, tədbirlərin qanunauyğun surətdə keçirilməsi üçün müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edir. Bu baxımdan seçkilərdə şəffaflığın təmini ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının üzərinə ciddi vəzifələr düşür. Muxtar respublikada seçkilərin hazırlanması və keçirilməsi zamanı yerli icra orqanları və seçki komissiyalarının qarşılıqlı fəaliyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.5-ci maddəsinə əsasən tənzimlənir.

Prezident seçkilərində seçki məntəqələri əməkdaşlarından tələb olunan əsas məsələ səsvermə prosesində qanunvericiliyə ciddi əməl olunması, seçkilərin azad, sərbəst, şəffaf, demokratik prinsiplər əsasında keçirilməsini təmin etməkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov əvvəlki seçkilərin təcrübəsindən bəhrələnərək qarşıdan gələn prezident seçkilərinin də ən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirib.

Sonra Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini İmran Əliyevin “Məntəqə seçki komissiyalarının müvafiq inzibati binalarla, həmçinin tələb olunan inventar və avadanlıqlarla təmin olunması”, Şərur Rayon Məhkəməsinin sədri Hüseyn Zülfüqarovun “Seçki hüququnun konstitusion əsasları, Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki hüququnun realizə mexanizmləri”, Şərur rayon prokuroru vəzifəsini icra edən Anar Həsənovun “Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu və vəzifələri”, Şərur Rayon Polis Şöbəsinin rəisi Şahmar Abdullayevin “Azərbaycan Respublikası Prezidenti seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri”, 1 saylı Şərur-Sədərək seçki dairəsi dairə seçki komissiyasının katibi Fariz Rüstəmovun “Seçki günü məntəqə seçki komissiyalarında səsvermənin təşkili və səsvermə prosesi başa çatdıqdan sonra məntəqə seçki komissiyalarının üzərinə düşən əsas vəzifələr” mövzularında məruzələri dinlənilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə