27 saylı Sabunçu II seçki dairəsinin məntəqələrdə seçkilərə hazırlıq gedir

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihə çərçivəsində 27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir.

Dairə seçki komissiyasının sədri Nadir Əjdərov Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan kursların əhəmiyyətindən danışıb. Bildirilib ki, 51 min 5 seçicisi olan dairənin ərazisində 39 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Şəffaflığın təmin edilməsi məqsədilə dairənin on məntəqəsində veb-kameralar quraşdırılıb. Seçki məntəqələrində komissiya üzvlərinin normal fəaliyyəti üçün hər cür şərait yaradılır.

N.Əjdərov diqqətə çatdırıb ki, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri, seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri, rəsmi sənədlərin daşınması və təhlükəsizliyinin təmin edilməsi, eləcə də asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, səslərin hesablanması, nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkilinə dair maarifləndirici seminarlar və təlimlər keçirilir. Kurslarda seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqata şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması sahəsində yerli icra və bələdiyyə qurumlarının rolu, onların komissiyalar ilə səmərəli əlaqələrinin qurulması mövzularına xüsusi yer ayrılıb.

Sonra Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyəti nəzərdə tutan qanunvericilik aktları, normaları və məsuliyyət növləri” mövzusunda məruzəsi dinlənilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...