BANM-ə qəbul olunanların qeydiyyatına başlanılıb

Avqustun 16-dan Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olunanların qeydiyyatına başlanılıb. BANM-dən SİA-ya bildirilib ki, qeydiyyat avqustun 28-dək həftə içi saat 9:00-dan 18:00-dək, şənbə günləri 9:00-dan 13:00-dək Xocalı prospekti, 30 ünvanında keçiriləcək.

Qeydiyyatdan keçmək üçün abituriyentlər attestatın əsli, şəxsiyyət vəsiqəsinin əsli və surəti (4 nüsxə), tərcümeyi-hal, çağırış vərəqəsinin əsli və surəti, sağlamlıq haqqında arayış (forma 86), 3x4 ölçüdə dörd ədəd rəngli fotoşəkil, ali məktəbə qəbul olunması haqqında dim.gov.az saytından çıxarışı təqdim etməlidirlər. Ödənişli əsaslarla qəbul olunmuş, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlara malik abituriyentlər (məcburi köçkün və s.) imtiyazlı olduqlarını bildirən sənədin notarial qaydada təsdiqlənmiş surətini gətirməlidirlər. Sənədlər qovluqda qeydiyyat komissiyasına təqdim olunmalıdır.

Qeydiyyatdan keçmiş abituriyentin ingilis dili, kompüter və informasiya-kommunikasiya texnologiyaları biliklərinin müəllimlər tərəfindən yoxlanılması məqsədilə müsahibə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə