“Universitet–biznes” əməkdaşlığının yeni layihəsinin təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye – ATMU əməkdaşlığı çərçivəsində keçirilən tədbirlərin davamı olaraq Azərbaycan Turizm və Menecment Universitetində,“universitet –biznes” əməkdaşlığının yeni layihəsinin təqdimatı keçirilib.

SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan ATMU-nun prorektoru Anar Eminov bildirib ki, “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi ATMU ilə Onbranch şirkətinin birgə layihəsidir. Bu layihə Azərbaycanda ilk dəfə olaraq tətbiq edilir və ali təhsil ocaqlarından pilot layihə olaraq ATMU seçilib. Startap kimi fəaliyyətə başlamış Onbranch şirkəti artıq müstəqil şirkət olaraq əsasən məkanların virtual proyeksiyasının yaradılması fəaliyyətini icra edir. Layihə ABŞ-da, İngiltərədə, Türkiyədə və Gürcüstanda qeydiyyatdan keçmiş və fəaliyyətə başlayıb.

Marketinq kafedrasının müəllimi Uğur Babayev, BBF direktoru Rəşad Məmmədov və Onbranch layihəsinin təsisçisi Elçin Əskərov layihənin mahiyyəti barədə məlumat verərək, qeyd ediblər ki, Onbranch mobil əlavəsini yükləyən tələbə və müəllim heyəti ATMU-nun bu mobil əlavədəki səhifəsində avtomatik qeydiyyatdan keçir, universitetin internet radiusu məkanına daxil olan andan aktiv olan ATMU-Onbranch proqramı tələbə və müəllim heyyətinə universitet daxilində keçirilən bütün tədbirlərdən xəbərdar olmağa imkan yaradır. Bunun üçün hər bir nəfərə ayrı-ayrılıqda məlumat göndərməyə ehtiyac qalmır. Həmçinin səhifəyə yüklənmiş hər hansı məlumat, elan, xəbərdarlıq və ismarıclar proqram vasitəsilə dərhal ATMU heyətinə ötürülür. Bundan başqa Onbranch, tələbə və müəllim heyətinin asudə vaxtlarını daimi keçirdikləri məkanlarda – kafe, restoran, əyləncə mərkəzləri, gimnastika zalları, olimpiya mərkəzləri, dil və təlim kursları, kinoteatr, teatr, kitabxanalarda xüsusi endirim qazanmaları üçün də şərait yaradır. Bu endirimləri, ATMU-Onbranch-ın hər bir üzvü əldə etmiş olur.

Azərbaycan Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev Qafqazda ilk dəfə Gürcüstan ali məktəblərinin kampuslarında tətbiq edilmiş proqramın Azərbaycan ali məktəblərində isə ilk olaraq Azərbaycan Turizm və Menecment Universitetində tətbiq edildiyini və bu layihəyəni dövlət başçımız, Cənab İlham Əliyevin müəyyənləşdirdiyi Strateji Yol Xəritəsində yer alan virtual təhsil proqramına dəstəyin bir nümunəsi kimi qiymətləndirilə biləcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə