Polşanın Lodz şəhərində Azərbaycan cizgi filmləri nümayiş olunub FOTO

Polşanın Lodz şəhərində “StopTrik” adlı beynəlxalq animasiya film festivalı keçirilib. Festivalda bir çox ölkələrin cizgi filmləri nümayiş olunub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, sözügedən festivalda ölkəmizi “Animafilm” kinostudiyası təmsil edib.

Tədbirdə Azərbaycan cizgi animasiya ilə maraqlanan polyaklar, tələbələr və Polşada yaşayan azərbaycanlılar, o cümlədən səfirliyin əməkdaşları Emil Ağaəhmədov və Sadiq Babayev ailələri ilə birgə iştirak ediblər.

Azərbaycan cizgi filmlərinin təqdimatından öncə “Animafilm” kinostudiyasının direktoru Rəşid Ağamaliyev çıxış edərək iştirakçılara ölkəmizin cizgi animasiya tarixi barədə məlumat verib.

Daha sonra Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşı Sadiq Babayev çıxış edərək “StopTrik” beynəlxalq animasiya film festivalı çərçivəsində təqdim edilən ayrı-ayrı ölkələrə məxsus cizgi filmlərinin izləyicilər tərəfindən maraqla qarşılandığını bildirib, eyni zamanda, uğurlu təcrübə mübadiləsi olduğunu qeyd edib.

Səfirliyin əməkdaşı “Animafilm” studiyasına səfirlik adından təşəkkürünü bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Festivalda təqdim edilmiş “Cırtdan”, “Tıq-tıq xanım”, “Cırtdan nəhəng”, “İthaf” və digər Azərbaycan cizgi filmləri izləyicilər tərəfindən maraqla qarşılanıb.

Tədbirdə, eyni zamanda, səfirlik tərəfindən hazırlanmış Azərbaycanın tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid 60-dan çox kitab və müxtəlif çap materialı xüsusi hazırlanmış masada təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...