O, sevgini istedadı və mehriban ünsiyyəti ilə qazanmışdı - ANIM

Görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikov (1933-2019) onun sevən insanların ürəyində daim yaşayacaq. O, bu həmişəyaşarlığı həm fitri istedadı, həm də olduqca mehriban, səmimi ünsiyyəti ilə qazana bilmişdir.

Xatırladaq ki, dahi bəstəkar 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olub. 1948-1951-ci illərdə Bakı Musiqi Texnikumunda oxuyub. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə təhsil alıb.

Arif Məlikovun musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə daimi yer tutub. Bəstəkarın “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir. Ölkəmizdə musiqiçi kadrların yetişdirilməsinə mühüm töhfələr verən görkəmli bəstəkar 2019-cu il, may ayının 9-da vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə