Son 3 ayda ölkəmizə 610 min şəxs səfər edib - TURİST AXINI

Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min və ya 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. SİA Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, gələnlərin 28 faizi Gürcüstan, 27,4 faizi Rusiya, 11,3 faizi Türkiyə, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrdən olub. Gələnlərin 70,1 faizini kişilər, 29,9 faizini isə qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gələnlərin sayında daha çox azalma Qətər (48,5 faiz), İran (43,4 faiz), İsrail (41,7 faiz), Birləşmiş Ərəb Əmirlikləri (28,1 faiz) və İraq (24,8 faiz) vətəndaşları arasında qeydə alınıb.

Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,8 dəfə, Türkmənistandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Çindən - 46,1 faiz, Yaponiyadan - 32,5 faiz, Gürcüstandan - 22,9 faiz, Omandan - 17,4 faiz artıb.

Bu ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,8 faiz artaraq 19,1 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 33,1 faiz azalaraq 106,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,1 faiz azalaraq 202,3 min nəfər olub.

Cari ilin yanvar-mart aylarında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64 faizi dəmir yolu və avtomobil, 35,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından, xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,6 faizi dəmir yolu və avtomobil, 15,6 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...