Consondan Zelenskiyə anti-Rusiya ittifaqı yaratmaq təklifi

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiyaya qarşı çıxacaq yeni beynəlxalq alyans yaratmaq təklifi ilə müraciət edib.

“RİA Novosti”yə istinad edən SİA xəbər verir ki bu barədə “Corriere Della Sera” məlumat yayıb.

Belə ki, nəşrin yazdığına görə, London Brüssel və Almaniyanın Moskvaya qarşı apardığı siyasətdən narazı olan dövlətləri birləşdirməyə dəvət edir. Belə demək olarsa, Conson Avropa İttifaqına alternativ olacaq yeni “siyasi, iqtisadi və hərbi ittifaq” yaratmağı düşünür.

“Corriere Della Sera” iddia edir ki, Britaniyanın baş naziri Zelenskiyə hələ ilk dəfə aprelin 9-da Kiyevdə olarkən bu təşəbbüslə müraciət edib.

Nəşrin ehtimalına görə, Boris Consonun modeli Böyük Britaniyanın rəhbərlik etdiyi Avropa icmasının yaradılmasını nəzərdə tutur. Sonradan Ukrayna, Polşa, Estoniya, Latviya və Litvadan başqa Türkiyə də daxil ola bilər.

Qeyd olunur ki, Conson azad iqtisadiyyat tərəfdarı olan, milli suverenliyin qorunmasına məsuliyyətlə yanaşan və Moskvaya qarşı mümkün olan ən sərt mövqedən çıxış etməyə hazır olan dövlətləri alyansda birləşdirmək istəyir.

Nəşrin yazdığına görə, Consonun təklifini hələ ki, qəbul etməyən Kiyev onu rədd də etməyib. Ehtimal olunur ki, Zelenski əvvəlcə Ukraynanın təşkilata üzvlüyə namizəd kimi tanınması məsələsini həll edəcək Avropa İttifaqı ölkələrinin sammitində iştirak etmək istəyir.

Nəşrin yazdığına görə, Avropa liderlərinin hökmü onun son qərarına təsir edə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...