Əlavə tədbirlər tələbi ilə yürüş

BMT-nin iqlim sammitləri tarixində ən iri miqyaslı etiraz aksiyası keçirilib

Şotlandiyanın Qlazqo şəhərində minlərlə insan iqlim dəyişikliyi ilə mübarizə üçün əlavə tədbirlər tələbi ilə yürüş keçirib.

Bu barədə BBC xəbər verib.

Tədbirin təşkilatçıları Qlazqoda keçirilən nümayişdə iştirak edənlərin sayının 100 min nəfər olduğunu bildiriblər. BBC qeyd edib ki, bu etiraz BMT-nin COP26 iqlim sammiti zamanı ən böyük aksiya olub.

Yürüşə isveçli eko-fəal Qreta Tunberq də qatılıb, lakin o, mitinqdə çıxış etməyib.

Marşdan əlavə “Alimlərin üsyanı” hərəkatının 20-dən çox etirazçısı Klayd çayındakı körpü üzərində hərəkəti bloklayaraq özlərini zəncirləyiblər. Polis onların hamısını saxlayıb.

Qeyd edək ki, dünən Keniya, Fransa, Braziliya, Avstraliya və Kanada da daxil olmaqla 100-ə yaxın ölkədə, həmçinin Böyük Britaniyanın digər şəhərlərində ətraf mühitlə bağlı etirazlar keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə