Pompeo-Lavrov görüşü başa çatıb - NƏTİCƏ?

Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında görüş başa çatıb. SİA xəbər verir ki, görüşün yekunu ilə bağlı Pompeo və Lavrov birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıblar.

M.Pompeo bildirib ki, ABŞ-Rusiya münasibətləri son illərdəkindən daha yaxşı olmalıdır: "Ölkə rəhbərləri artıq bunun üzərində işləyirlər".

ABŞ dövlət katibi seçkilərə müdaxilədən də danışıb: "Hesab edirəm ki, seçkilərə müdaxilə qəbuledilməzdir. Əgər bu baş versə, o zaman ABŞ cavab tədbirləri görəcək. O ki qaldı bizim daxili işlərimizə qarışmağa, burada hər şey birmənalıdır. Mən açıq-aydın Rusiya ilə münasibətlərdə gözləntilərimizi bildirdim. Tramp administrasiyası seçkilərimizin məğzini müdafiə etmək üçün hər zaman işləyəcək".
Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin görüşünü şərh edən ABŞ Dövlət katibi bu görüşü mənalı adlandırıb: "Biz Ukrayna barəsində uzun danışdıq".

Pompeo rusiyalı həmkarı ilə Suriya və Əfqanıstan ətrafındakı vəziyyəti də müzakirə etdiklərini açıqlayıb.

Venesueladakı vəziyyətə toxunan ABŞ xarici siyasət idarəsinin rəhbəri bildirib ki, ölkəsi Rusiyadan Xuan Quaydonu Venesuela lideri kimi dəstəkləməyi xahiş edib: "Hələ ki Nikolas Maduro hakimiyyətdədir, Venesuelada problemlər davam edəcək. Biz Rusiya hökumətinə azad və ədalətli seçki keçirməsi üçün prezident Quaydoya və demokratiyaya dəstək vermələri xahişi ilə müraciət etdik".

Mətbuat konfransında Rusiya və ABŞ arasında Şimali Koreyanın nüvə probleminin də müzakirə olunduğu vurğulanıb.

M.Pompeo ilə görüşdən sonra Rusiya XİN başçısı S.Lavrov ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə