Kim Çen In doqquz sarayının əsaslı təmirinə başlayıb...

Şimali Koreya diktatoru dəbdəbəli iqamətgahlarını gizli saxlayır...
Kim Çen In doqquz sarayının əsaslı təmirinə başlayıb...

...Şimali Koreya lideri Kim Çen In dəbdəbəli yaşayış yerlərinin genişmiqyaslı təmirinə başlayıb.

Peyk görüntüləri göstərir ki, tikinti işlərinə may ayının sonu və iyun ayının əvvəlində ən azı doqquz ərazidə başlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Wall Street Journal xəbər verir.

Analitiklərə görə, Şimali Koreya lideri ölkə daxilində ondan çox dəbdəbəli mülkə sahibdir. Təmir işlərinə Pxenyanda malikanələr, raket sınaq infrastrukturuna malik ailə mülkü, göl kənarında kurort və Kimin təxminən 7 milyon dollar dəyərində olan şəxsi yaxtasının adətən lövbər saldığı Vonsandakı özəl sahil kompleksi daxildir.

Yeni peyk görüntüləri həmçinin yeni rənglənmiş damları da göstərir.

Mütəxəssislər aktiv tikintini Rusiya və Çinlə genişlənən əməkdaşlıq sayəsində rejimin maliyyə vəziyyətinin yaxşılaşması ilə əlaqələndirirlər.

Stimson Mərkəzinin Şimali Koreya üzrə eksperti Maykl Maddenin sözlərinə görə, vəsait və materialların axını Pxenyana dövlət başçısının şəxsi maraqları ilə bağlı bahalı layihələri maliyyələşdirməyə imkan verir.

Eyni zamanda, Şimali Koreyanın dövlət mediası yaşayış yerlərinin təmiri barədə məlumat vermir.

Dəbdəbəli həyat tərzinin nümayişi rəsmi təbliğata ziddir və bu da əhalinin çətinliklərini bölüşən bir lider obrazı yaradır. Müxtəlif hesablamalara görə, Şimali Koreya əhalisinin təxminən yarısı xroniki qidalanma çatışmazlığından əziyyət çəkir.

Peyk tədqiqatları və nadir dəlillər göstərir ki, Kim Çen Inın mülkləri yaxtalar, atçılıq arenaları və Olimpiya ölçülü üzgüçülük hovuzları ilə təchiz olunub.

Cənubi Koreyalı analitiklərin fikrincə, rejim hakim elita üçün güzəştlərə - avtomobillərə, lüks mallara və tibbi xidmətə 1,8 milyard dollara qədər pul xərcləmiş ola bilər.

Lüks malların idxalını qadağan edən beynəlxalq sanksiyalara baxmayaraq, Kim və ailə üzvləri mütəmadi olaraq bahalı İsveçrə saatları, Dior çantaları və digər premium marka əşyaları ilə görünürlər ki, bu da xarici müşahidəçilər tərəfindən dəfələrlə qeydə alınıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə