...2017-ci ilin mayında hakimiyyətə gəldikdən sonra Emmanuel Makron bir sıra mübahisələrin mərkəzində olub və onun mandatına damğasını vuran kobud səhvlərə yol verib. Bu hadisələr onun barəsində bəzən ünsiyyətində yöndəmsiz olan prezident imicini formalaşdırıb. Makron ünsiyyətindəki yöndəmsizliyi və ya müəyyən sosial və mədəni reallıqlarla əlaqəsi olmayan yanaşmasına görə qınanıb. Çox vaxt şifahi kobud səhvlər olsa da, bu hadisələr Fransa əhalisinin bir hissəsi və beynəlxalq tərəfdaşlar arasında inamsızlığın artmasına səbəb olub. Bu, daha ölçülü ünsiyyətin və daha əhatəli dialoqun vacibliyini vurğulayır. Onun bəzən professor və ya paternalist hesab edilən ünsiyyət tərzi əhalinin müəyyən təbəqələrini qıcıqlandırır. Onu real dialoq qurmaqdansa, kifayət qədər dinləməməkdə, dərs verməkdə ittiham edirlər.
Fransa prezidenti yanvarın 6-da Yelisey sarayında səfirlərin ənənəvi konfransında çıxışını bitirməmiş tənqidlərə məruz qalıb. E.Makronun Afrikada Fransa hərbi mövcudluğu ilə bağlı söylədikləri birmənalı qarşılanmayıb. O deyib ki, Afrika ölkələri uzun illər Fransanın göstərdiyi xidmətlərə, Afrika Sahili (Sahel) ölkələrində göstərdiyi “dəstəyə” görə Fransaya təşəkkür etməyi unudublar. Prezident çıxışında fransız hərbi qüvvələrinin bəzi Afrika ölkələrindən qovulması yox, fransız hərbi strukturunun yenidən formalaşması kimi təqdim edib.
Afrika ölkələrinin bununla bağlı cavabı gecikməyib, Çad və Seneqal E. Makronun şərhlərini pisləyiblər.
Çad və Seneqal hökumətləri Fransa prezidentinin Afrikaya və afrikalılara qarşı hörmətsiz münasibəti əks etdirən çıxışından sonra dərin narahatlıqlarını bildiriblər.
Seneqalın Baş naziri Usman Sonko (Ousmane Sonko) da öz növbəsində, E.Makronun səsləndirdiyi guya “Fransa əsgərlərinin ölkəsindən çıxarılması Paris və Dakar arasında danışıqlar”ın nəticəsi olması ilə bağlı etirazını ifadə edib. Sosial şəbəkələrdə o, yüzlərlə fransız əsgərinin ölkədən getməsinin Fransanın təklifi olması, eləcə də Fransa ordusunun mövcudluğunun yenidən təşkili ilə əlaqədar iddianı tamamilə səhv adlandırıb.
“Fransa 2013-cü ildən terrorizmə qarşı Sahelə hərbi müdaxilə etməkdə haqlı idi, lakin Afrika liderləri təşəkkür etməyi unutdular. Onlardan heç biri Fransasız suveren bir ölkəni idarə edə bilməyəcəkdi”, - deyən Makrona Seneqalın Baş naziri sərt reaksiya verib: “Prezident Emmanuel Makron səfirlərin 30-cu konfransı zamanı bildirdi ki, fransız bazalarının ölkədən çıxarılmasına dair qərar verilməsi üçün Afrika ölkələri ilə Fransa arasında danışıqlar aparılacaq. O, Fransanın Afrika ölkələrindən çıxarılmasını sadəcə rahatlıq və nəzakət üzündən olduğunu təxmin etməklə davam edir. Demək istərdim ki, Seneqala münasibətdə bu bəyanat tamamilə səhvdir. Bu günə qədər heç bir müzakirə və ya danışıqlar aparılmayıb və Seneqalın verdiyi qərar onun azad, müstəqil və suveren ölkə kimi yeganə iradəsindən qaynaqlanır.
O, (E. Makron) "Fransa bu ölkələrdə yerləşdirilməsəydi, bu gün heç bir Afrika ölkəsinin suveren olmayacağını" bəyan edir. Fransanın Afrikanın təhlükəsizliyini və suverenliyini təmin etməyə nə gücü, nə də legitimliyi var.
Əksinə, Fransa Liviya kimi bəzi Afrika ölkələrində sabitliyin pozulmasına kömək etdi.
Nəhayət, Prezident Makrona xatırlatmaq vaxtıdır ki, bəzən güclə səfərbər edilən, pis rəftar edilən və nəhayət, xəyanətə məruz qalan Afrika əsgərləri İkinci Dünya müharibəsi zamanı Fransanı müdafiə etmək üçün yerləşdirilməsəydilər, Fransa bu gün Almaniya olardı”, - deyə U. Sonko E. Makronun söylədiyi cəfəngiyyata sərt münasibət bildirib.
Qeyd edək ki, Çadın xarici işlər naziri və hökumət sözçüsü Əbdürrəhman Kəlamullah da bəyanatında Makronun dediklərini “Afrikaya və afrikalılara qarşı hörmətsizlik mövqeyi” kimi qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə