Rusiyanın ikinci A-50 təyyarəsi Qara dəniz üzərində vurulub..?

Rusiyanın ikinci A-50 kəşfiyyat təyyarəsi Qara dəniz üzərində vurulub. Bu barədə rusiyalı müharibə tərəfdarı bloger Vladimir Romanov teleqramda yazır. Onun sözlərinə görə, təyyarə Mariupol ərazisindən buraxılan raketlə vurulub.

Qeyd edək ki, digər mənbələrdə hələlik Romanovun məlumatı təsdiqlənmir.

Maraqlıdır ki, Ukrayna tərəfi də hələlik bu mesajı şərh etməyib.

Başqa bir versiyaya görə, isə A-50 Krasnodar diyarı üzərində vurulub.

Bu arada Ukraynanın “Liga.net” nəşri təhlükəsizlik və müdafiə qüvvələrindəki mənbəyə istinadən, A-50-nin Kəşfiyyat və Hərbi Hava Qüvvələri Baş İdarəsinin birgə əməliyyatı çərçivəsində vurulduğunu yazıb.

...Öz növbəsində, Krasnodar diyarının operativ qərargahı Kubanın Kanevski rayonunda iki təyyarənin qəzaya uğraması barədə məlumat yayıb. Deyilənlərə görə, qəza nəticəsində 250 kvadratmetr sahədə yanğın baş verib.

Qərargahdan bildiriblər ki, evlər üçün təhlükə yoxdur. Daha sonra bir cihazın düşməsi ilə bağlı yenilənmiş mesaj ortaya çıxıb.

Xatırladaq ki, sonuncu dəfə bu təyyarələrdən biri yanvarın 14-də Berdyansk yaxınlığında, Azov dənizi üzərində vurulmuşdu. Onu da xatırladaq ki, bu təyyarələrdən ruslarda təqribən 10-yaxını qalıb və həmən, yəni təyyarə vurulan vaxt ruslar bunu gizli saxlamaq istədilər.

SİA-nın əldə etdiyi məlumata görə, A-50 təyyarələri hava və yerüstü hədəfləri aşkar etmək, izləmək, həmçinin hava və yerüstü vəziyyət haqqında komanda postlarını xəbərdar etmək üçün istifadə olunur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə