Belarusda müharibə əleyhinə mövqe tutanlar qandallanırlar..?

Belarusda son iki ildə azı 94 nəfər Ukraynadakı müharibəyə etiraz etdiklərinə görə cinayət işi üzrə mühakimə olunub.

SİA xəbər verir ki, bu barədə 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri məhkəmə statistikasını təhlil edən “Viasna” hüquq müdafiə hərəkatı məlumat yayıb.

Deyilənlərə görə, fəallar 1 ildən 23 ilə qədər həbs cəzası alıblar.

Belə ki, onlardan 13 nəfəri dəmir yolunda təxribat törətməkdə təqsirli bilinib. Ən azı 37 nəfər hərbi texnikanın hərəkətini lentə almaqda və mediaya foto, videolar göndərməkdə ittiham olunub.

Ən azı 15 nəfər Ukrayna tərəfində döyüşmək niyyətinə görə, 13 nəfər isə Belarusun müharibə əleyhinə olan könüllü təşkilatlarına ianə verdiyinə görə cəzalandırılıblar.

Ümumilikdə, “Viasna”nın hesablamalarına görə, bu iki il ərzində ən azı 1671 nəfər müharibə əleyhinə mövqelərinə görə saxlanılıb.

Onlardan 1500-dən çoxu müharibə başlayandan qısa müddət sonra, 2022-ci ilin fevral və mart aylarında etiraz mitinqlərində iştiraklarına görə saxlanılıblar.

“Azadlıq” radiosunun Belarus xidməti xəbər verir ki, müharibə əleyhinə etiraz aksiyalarının iştirakçıları paltarlarında sarı və mavi çiçəklər eləcə də Ukrayna rəmzləri taxdıqlarına, geyimlərində “Müharibəyə yox” yazısına görə, Ukraynanın Minskdəki səfirliyi yaxınlığında gül dəstələri düzdüklərinə görə təqib olunublar.

Saxlanılan şəxslər polis və istintaq təcridxanalarında döyülmə eləcə də işgəncələrə məruz qaldıqlarını, aksiyalarda iştiraka görə hədələndiklərini bildiriblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə