Çin və ABŞ Qərbi Afrikada “yeni cəbhə” açıblar…

...Çin iki ildir ki, Qərbi Afrika ölkələrindən birində dəniz bazası yaratmağa çalışır, lakin ABŞ-ın müqaviməti səbəbindən bunu edə bilmir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” Vaşinqtondakı yüksək vəzifəli mənbələrə istinadən yazır.

Nəşr yazır ki, Birləşmiş Ştatlar Afrika Atlantika sahillərini özünün strateji cəbhə xətti hesab edir və oradakı daimi Çin hərbi mövcudluğunu Amerikanın təhlükəsizliyinə ciddi təhdid hesab edir.

Belə ki, ilk olaraq Vaşinqton Pekinin hərbi gəmiləri yenidən silahlandıra və təmir edə biləcəyi hərbi-dəniz bazasının yaradılmasının qarşısını almağa çalışır.

…Hər dəfə çinlilər Afrikanın hansısa sahil ölkəsinə burnunu soxmağa başlayanda biz narahat oluruq.

Deyim ki, bunu ABŞ-ın yüksək səviyyəli mənbəsi bildirib.

Onun sözlərinə görə, Çin Afrikanın qərb sahillərində dəniz bazası qurmaq üçün daimi pərdəarxası kampaniya aparır.

Və iki ildən artıqdır ki, Birləşmiş Ştatlar Afrika liderlərini bu məsələdə Pekinlə əməkdaşlıq etməməyə inandırmaq üçün paralel səylər göstərir.

Xatırladaq ki, ötən ilin avqustda Qabonun o zamankı prezidenti Əli Bonqo gizli şəkildə Si Cinpinə Pekinin onun ölkəsində hərbi qüvvələr yerləşdirə biləcəyinə söz vermişdi.

Bonqo daha sonra bunu Ağ Evin yüksək rütbəli məmuruna etiraf etdikdən bir müddət sonra o, öz mühafizəsi tərəfindən devrildi.

Yeri gəlmişkən, indiyə qədər ABŞ bu “yeni cəbhədə” qalib gəlir. Məsələ bundadır ki, indiyə qədər heç bir Qərbi Afrika ölkəsi Çinlə dəniz forpostu tikmək barədə razılığa gəlməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə