''Yeni köç dalğasının qarşısını almaq üçün lazımi tədbirləri gördük''

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyedəki suriyalıları ölkələrinə geri göndərməkdə qərarlı olduqlarını bildirib.
"Biz suriyalıları təkcə təhlükəsiz yerlərə deyil, həm də rejimin nəzarətində olan yerlərə göndərmək istəyirik''. SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu Mövlud Çavuşoğlu bildirib.
Mövlud Çavuşoğlu televiziya kanallarının birinə verdiyi müsahibədə gündəmdəki aktual mövzuları qiymətləndirib.
Yeni qaçqınların Türkiyəyə gəlməsinin qarşısını almaq üçün lazımi tədbirləri gördüklərini ifadə edən Mövlud Çavuşoğlu deyib:
"İdlibdə yüz min ev inşa edərək oradan olan köç təzyiqinin qarşısını aldıq. Digər tərəfdən Suriya və İranla sərhədə divarlar hörərək içərisinə ağıllı kameralar yerləşdirəcəyik və beləliklə başqa qaçqınların gəlməsinin qarşısını aldıq''.
Mövlud Çavuşoğlu Türkiyənin Suriyanın şimalında terrordan təmizlədiyi bölgələrə 553 min suriyalının geri göndərildiyini və bu prosesi bir plan çərçivəsində davam etdirəcəklərini bildirib.
Mövlud Çavuşoğlu Rusiyanın paytaxtı Moskvada Türkiyə, Rusiya, İran və Dəməşq administrasiyası arasında keçirilən dördtərəfli görüşdə suriyalı qaçqınların ölkələrinə qaytarılması məsələsinin müzakirə olunduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə