Serbiya Bolqarıstan vasitəsilə Yunanıstandan qaz almağı planlaşdırır

Serbiya Yunanıstanın Aleksandrupolis şəhərindəki mayeləşdirilmiş təbii qaz terminalından gündə 3,5 milyon kubmetrədək qaz almağı və onu tikintisi davam edən Bolqarıstanla interkonnektor vasitəsilə çatdırmağı planlaşdırır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

Qeyd edək ki, Yunanıstan prezidenti Katerina Sakellaropoulou üç günlük səfərlə Serbiyadadır. Çərşənbə axşamı o, Vuçiçlə qapalı görüş keçirib və ardınca iki hökumət nümayəndə heyətinin plenar iclası olub.

“Hazırda bizim 528 milyon kubmetr qaz ehtiyatımız var, bunlar ölkəmiz üçün kifayət qədər ehtiyatlardır və onlar artır, çünki onun Rusiya hissəsində yerləşən “Banatski Dvor” yeraltı qaz anbarında daha 100 milyon kubmetr yerləşdirməyə icazə var”.

Qeyd edək ki, bunu Serbiya lideri birgə mətbuat konfransında bildirib.

Məsələ bundadır ki, Vuçiç, hələ indidən işini etibarlı tutmaq istəyir. Çünki gələn qış Serbiyada gündəlik qaz tələbatı 16 milyon kubmetrə çata bilər.

Xatırladaq ki, hazırda Rusiya Serbiyaya təbii qaz tədarük edən yeganə ölkədir. Rəsmi Belqrad “Qazprom”la iki illik müqaviləyə əsasən, ildə təxminən 2,2 milyard kubmetr və ya illik qaz tələbatının 62 faizini təmin edib və öz ərazisində və qış mövsümü üçün təxminən 700 milyon kubmetr qaz ehtiyatı saxlamağı planlaşdırır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə