Rusiya-Ukrayna müharibəsinin uzanması NƏLƏRƏ SƏBƏB OLACAQ? - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya-Ukrayna müharibəsi artıq bir ildən çoxdur ki, davam edir və tərəflər öz tələblərindən geri çəkilməyiblər. Eyni zamanda Zelenski və Putin arasında görüşün keçirilməsinə dair də bir sıra mülahizələrin irəli sürülməsinə baxmayaraq, tərəflər öz tələblərini döyüş meydanında həyata keçirməyə üstünlük verirlər. Rusiya ilin əvvəlində Baxmut istiqamətində fəallaşsa da, görünən odur ki, burada da bir nəticə əldə edilməyib". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Vaqner silahlı qruplaşmaları ilə Rusiya müdafiə nazirliyi arasında hazırda müxtəlif fikir ayrılıqları hökm sürür: "Vaqner qruplaşması daha güclü silahlar tələb edir. Ukrayna tərəfi isə öz növbəsində Rusiyanın hücumlarına tab gətirir, qərbin dəstəyinə arxalanır. Qarşıdakı dövrdə düşünürəm ki, Ukraynaya daha güclü iqtisadi və hərbi dəstək həyata keçiriləcəkdir.

Beynəlxalq Ədalət Məhkəməsinin Rusiyanın prezidentinə qarşı qərarı çox ciddi müzakirələrə səbəb olub. Eyni zamanda Rusiya ilə Çin arasında yaxınlaşma var. Lakin birmənalı şəkildə qeyd edə bilərik ki, müharibənin uzanması dünya iqtisadiyyatına mənfi təsir göstərir. Bu müharibənin yaratdığı mənfi şərait də göz önündədir. Rusiya-Ukrayna müharibə çərçivəsində yeni dünya nizamının formalaşması və ABŞ-ın maraqlarının dünyanın müxtəlif bölgələrində təmin olunmasına dair faktiki addımlar var. ABŞ məhz post-Sovet məkanında möhkəmlənmək istəyir.

Ümumilikdə Rusiya-Ukrayna müharibəsinin qısa müddət ərzində bitəcəyini proqnozlaşdırmıram. Lakin müharibə nə qədər uzun müddət davam edərsə, bundan dünya iqtisadiyyatı və xalqlar daha çox zərər görəcəklər".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə