Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) başçısı Məhəmməd ibn Zayed əl-Nəhyan Qətər əmiri Tamim ibn Hamed əl-Sani ilə regional hadisələri və körfəz ölkələri arasında birgə iş sisteminin gücləndirilməsini müzakirə ediblər. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

BƏƏ-nin rəsmi agentliyi “WAM”ın xəbərinə görə, noyabrın 5-də Qətərin paytaxtı Dohada rəsmi səfərdə olan əl-Nəhyan qətərli həmkarı əl-Sani ilə görüşüb.

Körfəz ölkələri arasında qardaşlıq münasibətləri, əməkdaşlıq və birgə iş sisteminin gücləndirilməsinin əhəmiyyəti müzakirə edilərək ikitərəfli, regional və beynəlxalq hadisələr, ortaq əhəmiyyət kəsb edən məsələlərdən danışılıb.

Qətər əmiri əl-Sani bu səfərin iki qardaş ölkə arasında birgə əməkdaşlığın inkişafına və daha geniş miqyasda aparılmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

BƏƏ prezidenti əl-Nahyan Qətər əmirini və xalqını 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etməkdə qazandıqları uğurlara görə təbrik edərək deyib: "Bu nailiyyət Körfəz Əməkdaşlıq Şurası ölkələri və ərəb dünyası üçün qürurvericidir”.

Qeyd edək ki, BƏƏ prezidenti 5 dekabrda Qətərə qəfil səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə