“Ukraynalıların döyüş ruhu yüksəkdir”

ABŞ Milli Kəşfiyyatın direktoru Avril Hayns: “Ukrayna qüvvələrinin müqavimət göstərmək istəyinin zəifləməsi əlamətləri görmür”

Ukraynada hərbi əməliyyatların səngiməsi yaxın aylarda da davam edəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Milli Kəşfiyyatın direktoru Avril Hayns bildirib. O qeyd edib ki, ölkənin enerji sisteminə və qış üçün vacib olan digər infrastruktura hücumlara baxmayaraq, Ukrayna qüvvələrinin müqavimət göstərmək istəyinin zəifləməsi əlamətləri görmür.

Qeyd edək ki, Avril Hayns bunu Kaliforniyada keçirilən illik Reyqan Milli Müdafiə Forumundakı çıxışında bildirib.

Haynsin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin rus ordusunun Ukraynada bundan artığını əldə etməməsinə yaman təəccüblənib.

Haynsın fikrincə, Putin Rusiya ordusunun problemlərindən getdikcə daha çox xəbərdar olur. Lakin onun bu mərhələdə onların nə qədər mürəkkəb olduğuna dair tam təsəvvürə malik olub-olmadığı hələ də bizə aydın deyil.

Amma bugünkü rus ordusunda döyüş sursatı, mənəviyyat, təchizat problemləri, logistika çatışmazlığı aydın görünür.

Doğrudur, bunu Hayns da etiraf edir ki, Putinin Ukraynadakı siyasi məqsədləri dəyişməsə də, lakin ABŞ kəşfiyyatı analitiklərinin fikrincə, “Kreml sahibi”, oradakı qısamüddətli hərbi məqsədlərini azaltmaq istəyə bilər.

ABŞ kəşfiyyatının rəhbəri belə hesab edir ki, Moskvanın hərbi ehtiyatları kifayət qədər tez tükənsə də, ruslar bu mərhələdə xərclədiklərini müstəqil şəkildə istehsal edə bilmirlər.

Yeri gəlmişkən, dekabrın 3-də həmin forumda çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiyanı Ukraynadakı müharibə zamanı “qəsdən qəddarlıqda” ittiham edərək, Moskvanın məqsədyönlü şəkildə mülki əhalini və mülki infrastrukturu hədəf aldığını vurğulayıb.

“Rusiya qəsdən qəddarlıqla mülki şəxsləri və mülki obyektləri hədəfə alır”. Bunu Ostin bildirib. Onun sözlərinə görə, Rusiyanın hücumları nəticəsində uşaqlar ölür, məktəblər və xəstəxanalar dağılıb. Pentaqon Ukraynadakı münaqişənin ABŞ və Rusiya arasında müharibəyə çevrilməsi ehtimalından da narahatdır.

Bu arada ABŞ prezidenti Cozef Bayden ötən gün prezident Putinin Ukraynada müharibənin dayandırılmasında maraqlı olarsa, onunla danışıqlar aparmaqda qərarlı olduğunu bildirib.

Maraqlıdır ki, Rusiya ordusunun Ukraynada hərbi cinayətlər törətməsi ilə bağlı iddiaları rədd edir. Həmçinin, Moskva dəfələrlə bəyan edib ki, onun qoşunları Ukraynadakı mülki hədəflərə qəsdən zərbə endirmir. Nə deyəsən?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə