"Qayıdışın gerçəkləşəcəyinə şübhəmiz yoxdur" - RƏYLƏR

Azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyasından isə artıq 34 il ötür. Belə ki, bu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib. 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 34 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyə gəlməzdir. Bəs görək Qərbi Azərbaycan sakinləri öz yurdları barədə nə düşünür. Yenidən doğma torpaqlarına qayıdacaqlarına ümid edirlərmi? SİA mövzu ilə bağlı sorğu keçirib.

Qərbi Azərbaycan sakini Elmuraz Aciyev: “Mən əslən Basakeçər rayonundanam. Valideynlərimin ikisi də orada anadan olub. Mənim iki yaşım olanda onlar ermənilər tərəfindən deportasiya olunub. Yəni, Qərbi Azərbaycan xatirəmdə qalmayıb. Amma valideynlərimdən o yerlər haqqında çox eşitmişəm. Həmişə oranın gözəl havasından, təmiz suyundan, ətirli meyvələrindən danışırdılar. Atam deyirdi ki, orada bitən meyvə-tərəvəzlərin dadı tamam başqa olurdu. Hələ güllərinin rəngi belə başqa yerdə bitənlərə bənzəmirdi. Təəssüf ki, mənə bunların şahidi olmaq qismət olmadı. Amma çox istərdim ki, gedim doğma rayonumuzu görüm. Bir dəfə də olsa, oranın havasını udum. İnşallah arzumuza çatarıq”.

Qərbi Azərbaycan sakini Mirfaiq Mirheydərli: “Qərbi Azərbaycan elə bir bölgədir ki, o yerlərdən ayrı qalmaq ağır dərddir. Elə gözəl yerlərimiz var idi ki, insanın gözü önündən getmir. Mənfur düşmənlər bizi öz yuvalarımızdan didərgin saldılar. Bizim başımıza olmazın fəlakətlər gətiriblər. Onlara bel bağlamaq olmaz. İnanmıram ki, bundan sonra erməni xisləti dəyişər. Onlar nəinki qonşuluğu, heç düşmənçiliyi belə bacarmır”.

Qərbi Azərbaycan sakini Elnur Kazımov: “Bizimkilər ermənilərin deportasiyasına məruz qalanda mən hələ uşaq idim. Həmin anları bir o qədər xatırlamıram. Amma təbii ki, hər mənim yaşda olan Qərbi azərbaycanlı kimi mən də valideynlərimin, nənə-babamın, qohum-əqrəbanın danışdıqlarından o yerlər haqqında çox şey öyrənmişik. Gözümüzlə görməsək də, eşitdiklərimizlə sanki dədə-baba yurdumuzu gəzmişik. Bəzən düşünürəm ki, görəsən, bu hadisələr olmasaydı, orada böyüyüb boya-başa çatsaydım, indi həyatımda hansı dəyişikliklər olardı. Amma artıq gecdir, heç nəyi geri qaytara bilmərik. Lakin hər birimiz istəyirik ki, torpaqlarımız düşmən tapdağından azad olunsun. Qarabağı geri qaytaran Azərbaycan xalqı İrəvanı da geri qaytarar. Heç kəsin buna şübhəsi yoxdur. Sadəcə bir qədər zaman lazımdır”.

Qərbi Azərbaycanlı İsgəndər Baxşəliyev: “Biz dədə-baba yurdumuza qayıdacağımız günü səbirsizliklə gözləyirik. Şükür ki Qarabağ alındı və bizim də Qərbi Azərbaycana qayıdışa bir ümidimiz oldu. Dövlət başçısının yurdumuzla bağlı çağırışı da bunun üstünə bir ayrı bal-qaymaq oldu. Biz Prezidentimizə də, ordumuza da sonsuz güvənirik. Qayıdışın gerçəkləşəcəyinə də şübhəmiz yoxdur. Çünki dövlət Qərbi Azərbaycana qayıdışla bağlı xeyli işlər görür. İnternetdə də, televiziyada da xəbərləri izləyirik. Görürük ki, dövlətimiz səbir və təmkinlə, sistemli şəkildə öz işinə davam edir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə