Sosial şəbəkələrə nəzarət mexanizmi necə tənzimlənməlidir? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Sosial şəbəkələrə nəzarətin həyata keçirilməsi çox mürəkkəb prosesdir. Bütün dünya hazırda bunun ətrafında müzakirələr aparır, üsullar axtarır, elə etməyə çalışır ki, burada ifadə, media azadlığı prinsiplərinə xələl gəlməsin. Lakin gərəksiz qanun pozuntusu ilə müşayiət edilən fəaliyyətlər də əngəllənsin. Əlbəttə ki, bunu bir-birindən ayırd etmək çox çətindir. O baxımdan da nəzarət mexanizmləri ilə bağlı vahid, oturuşmuş hamının qəbul edəcəyi mexanizmlər yoxdur. Yəni, Azərbaycan da təbiidir ki, istisna deyil”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycanda da sosial mediaya dövlətin, yaxud da müvafiq dövlət qurumlarının, eləcə də vətəndaş cəmiyyətinin necə nəzarət edə biləcəyi haqqında aydın fikir təsəvvür yoxdur: “Amma vaxt-vaxtdan biz fikirlərimizi səsləndirir, tam olmasa da, müəyyən məsələlərin tənzimlənməsi, özəlliklə də sui-istifadənin qarşısının alınması üçün təkliflərimizi veririk və o təkliflərin gerçəkləşdirilməsi, həyata keçirilməsi bizə görə real nəticələr verə bilər. Məsələn, söhbət əlbəttə ki, insanların özünü ifadəsi üzərində nəzarətdən getmir, sui-istifadəyə qarşı nəzarətdən gedir. Bu nəzarətin həyata keçirilməsi üçün atılacaq ilk addım sosial media hesablarında istifadəçilərin şəxsiyyət vəsiqəsi ilə, fin kodla qeydiyyatdan keçməsini təmin etməkdir. Yəni, istənilən şəxs sərbəstdir, azaddır, amma qeydiyyatdan keçərkən mütləq şəxsiyyətini təsdiq etməlidir”.

Azər Həsrət sözlərinə belə davam edib: “İkinci bir tərəfdən kimlərsə çıxıb deyə bilər ki, belə qeydiyyatdan keçmə insanları qorxuda, çəkindirə bilər və sairə. Elə biz də istəyirik ki, çəkindirmə olsun. Niyə? Ona görə ki, qanuni fəaliyyətlə məşğul olanların hər hansı bir problemi olan deyil, zatən də yoxdur. Yəni, hər kəs qanun çərçivəsində sosial mediadan istifadə edir, özünü ifadə edir, tənqidlərini səsləndirir, yazır, paylaşır, fərqli fikirlərini paylaşır və ona görə heç kim onları təqib etmir, incitmir. Amma bir çox insanlar var ki, onlar sosial mediadan sui-istifadə edirlər və bu sui-istifadəni edərkən də öz kimliklərini gizlədirlər. Həmin o kimliyin gizlədilməsinin qarşısını almaq və sui-istifadəni əngəlləmək üçün istifadəçilərin şəxsiyyət vəsiqəsi ilə yəni, şəxsiyyətini təsdiq edən rəsmi sənədlə qeydiyyatdan keçməsi üsulunu tətbiq etmək olar. Bu üsul tətbiq ediləndən sonra sizi əmin edirəm ki, insanlar, istifadəçilər yəni, o sui-istifadə edənlərin böyük əksəriyyəti artıq daha məsuliyyətli davranmağa başlayacaq. Onlar buna məcbur olacaqlar. Çünki adamlar artıq başa düşəcək ki, onlar gizli ad altında kimisə təhqir edə bilirdilərsə, öz adları altında təhqir edə bilməyəcəklər, yalan, böhtan yaya bilməyəcəklər, ictimai rəyi çaşdırıb ajiotaj yarada bilməyəcəklər ki, buna görə məsuliyyətləri var.

Mən düşünürəm ki, nəzarət etmək əlbəttə o mənada yox ki, senzura tətbiq olunsun, sadəcə olaraq, sui-istifadəyə qarşı nəzarət etmək üçün bu üsuldan istifadə çox effektiv ola bilər. Bəli, ondan sonra da başqa üsullar haqqında da düşünmək olar ki, sosial media, sosial şəbəkələr, bütövlükdə insanlar üçün həqiqətən də faydalı platforma olaraq qalsın. Daha dələduzlar üçün atını sağa-sola çapmağa bir meydana çevrilməsin”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə