Bakıda Gənclər və İdman Nazirlərinin Daimi Şurasının 3-cü iclası keçirilib - FOTOLAR

Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının 3-cü iclası keçirilib. SİA xəbər verir ki, iyunun 23-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası baş tutub.

İclasın açılışında gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, qonaqları salamlayıb. Nazir bildirib ki, İslam Əməkdaşlıq Forumunun gənclər və idman sahələrində Daimi Nazirlər Şurasının ilk sessiyası İƏT regionunda gənclər və idman problemlərinin həlli üçün institusional zəmin yaradıb. Bu, İslam Həmrəyliyi İdman Federasiyası və Səudiyyə Ərəbistanı Krallığı ilə birgə əməkdaşlıq edən İƏT Baş Katibliyinin sayəsindədir.

2017-ci ildə Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarının təşkilində səmərəli tərəfdaş olduğuna görə İslam Əməkdaşlığı Gənclər Forumuna dərin minnətdarlığını bildirən nazir, eyni zamanda, bu ilin avqustunda Konyada 5-ci İslam Oyunlarına ev sahibliyi edəcək Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyinə də uğurlar arzulayıb.

İclasda həmçinin ICYF-nin həyata keçirdiyi fəaliyyət və layihələrin hesabatı təqdim olunub.

Daimi Nazirlər Şurası İƏT Baş Katibliyi, İslam Həmrəyliyi İdman Federasiyası və İslam Əməkdaşlıq Gənclər Forumu ilə birlikdə İƏT Üçlüyü (Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı), Fələstin, İran, Seneqal, İraqdan ibarətdir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...