Niyə Ronaldo mükafatlandırmaya gəlməyib?

İngiltərənin "Mançester Yunayted" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo "France Football" nəşri tərəfindən təqdim edilən "Qızıl top 2021"-in mükafatlandırılma mərasimində iştirak etməməyinin səbəbini açıqlayıb.

SİA xəbər verir ki, öz İnstagram səhifəsində paylaşdığı yazıda Portuqaliyalı futbolçu bildirib ki, mərasimə jurnalın baş redaktoru Paskal Ferrenin "Ronaldo üçün ən vacibi Lionel Messidən daha çox “Qızıl top” qazanmasıdır" ifadəsinə görə qatılmayıb.

"Mən qalib gələndə bunu həmişə özüm və çıxış etdiyim klublar üçün, məni sevənlər üçün edirəm. Mən heç kimi məğlub etmək fikrində deyiləm. Karyeramda ən böyük məqsədim peşəkar futbolçu olmaq istəyən hər kəsə yaxşı nümunə olmaqdır", - Ronaldo yazıb.

Ötən həftə Ferre The New York Times qəzetinə müsahibəsində bildirmişdir ki, Ronaldonun bir məqsədi var - karyerasını Lionel Messidən daha çox "Qızıl top"la bitirmək.

Qeyd edək ki, bu gecə Parisdə keçirilən mükafatlandırma mərasimində Lionel Messi 7-ci dəfə "Qızıl Top" mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə