Qobuda yeni cüdo zalının açılışı olub

Qobu yaşayış kompleksinin ərazisində yeni cüdo zalının açılışı olub. Azərbaycan Cüdo Federasiyasından SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən federasiyanın rəsmiləri dövlətimizin idmana göstərdiyi diqqət və qayğıdan danışıblar. Onlar qeyd ediblər ki, düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycan idmanı yüksək sürətlə inkişaf edir. Federasiya rəsmiləri ölkə idmanında qazanılan uğurlarda cüdoçularımızın böyük rol oynadığını xüsusi vurğulayıblar.

Sonra Əməkdar məşqçi Hacıağa Hacıəhmədov, Paralimpiya Oyunlarının ikiqat çempionu İlham Zəkiyev, cüdo üzrə milli komandamızın üzvləri Rüstəm Orucov, Orxan Səfərov, Məmmədəli Mehdiyev və Hidayət Heydərov çıxış edərək öz fikirlərini bölüşüblər. Ölkəmizdə daim adlı-sanlı idmançıların yetişdiyini diqqətə çatdıran çıxışçılar bu ənənənin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə inandıqlarını söyləyiblər. Onlar yeni zalın açılışına, eləcə də yaradılan yüksək şəraitə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda yeniyetmə cüdoçulara federasiya tərəfindən cüdoqilər təqdim olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə