Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. SİA-nın məlumatına görə, C.Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdı. Lakin bu idman növü ilə məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündüyündən o belə qənaətə gəlib ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdi. Buna görə də o, Tokio universitetinin həkimi Ervin Bels ilə birlikdə ciu-citsu idman növündə zədələnmələrə, çıxıqlara və sınıqlara səbəb olan fəndləri və zərbələri çıxararaq yeni idman növünü yaradıb və ona cüdo adını verib. Yaponca cü elastik, yumşaq, do isə yol, prinsip deməkdir. Yeni güləş növünün sirrləri isə Ciqaro Kanonun yaratdığı və dünyada ilk cüdo məktəbi olan "Kodokan"da öyrədilirdi. Kodokan ümumdünya cüdo institutu olmaqla bu gün də dünyanın ən böyük cüdo mərkəzidir, yapon milli güləşini bütün dünyada təbliğ edən və yayan bir təşkilatdır.
Cüdoya tez bir zamanda geniş kütləni cəlb etmək üçün Kano müxtəlif üsullardan istifadə edib. O, söyləyirdi ki, ən zəif adam belə cüdo fəndlərinin köməyi ilə özündən qat-qat güclü adama çox güc sərf etmədən asanlıqla qalib gələ bilər. Beləliklə də, tez bir vaxt ərzində kodokanda cüdonun sirrlərini öyrənmək arzusunda olanların sayı durmadan artmağa başladı. Tezliklə Kanonun istedadlı tələbələri ciu-citsu və digər məktəblərin yetirmələri ilə təşkil olunan yarışlarda qələbələr qazanaraq cüdonun onlarla müqayisədə yüksəkdə olduğunu sübut ediblər.
Daha sonra isə Kano cüdonu dünyada yaymaq haqqında fikirləşməyə başlayıb. Bu məqsədlə o, öz tələbələri ilə Avropa və Amerikaya səyahətə çıxır. Onlar hər ölkədə cüdonun üstünlüyünü göstərərək Kodokan məktəbinin filiallarını açırlar. Cüdo ilə məşğul olanlara hətta təqaüd də verilirdi. Beləliklə də, XX əsrin əvvələrində cüdo Fransada, İngiltərədə, Braziliyada, Belçikada, Hollandiyada, İspaniyada və s. bu kimi iri inkişaf etmiş ölkələrdə geniş yayılmağa başlayıb və tez bir zamanda geniş şöhrət qazanıb.
Beynəlxalq Cüdo Federasiyası 1951-ci ildə, Avropa Cüdo Birliyi isə 1952-ci ildə yaradılıb. 1956-cı ildə Tokioda ilk dünya çempionatı keçirildi və 1958-ci ildə Parisdə təkrarlanıb. Əvvəlcə cüdoda çəki dərəcələrinə bölünmə olmayıb və hər iki dünya çempionatında yaponlar qalib gəliblər. Lakin 1961-ci ildə keçirilmiş dünya çempionatında hollandiyalı Anton Hessinkin çempion olması yaponların şöhrətinə zərbə endirib və bu onları məcbur edib ki, çəki dərəcələri sistemini yarışlırda tədbiq etsinlər. İlk çəki dərəcələri belə olub: 68 kq, 80 kq, +80 kq və mütləq çəki dərəcəsi. Mütləq çəkidə çəkisindən asılı olmayaraq bütün cüdoçular güləşə bilərlər.
1964-cü ildə Yay Olimpiya oyunlarına ev sahibliyi edən yaponlar cüdonun Olimpiya oyunlarının proqramına daxil olunmasına nail olublar. Təkcə 1968-ci il Olimpiya Oyunlarında cüdo proqrama daxil olunmayıb. 1972-ci ildə Münhendə Olimpiya Oyunlarında isə cüdo proqrama yenidən daxil olunub və indiyə qədər də bu davam edir.
1972-ci ildə SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun SSRİ ərazisində yayılması haqqında qərar verib. Qərarın icrası kimi elə həmin il, yəni 1972-ci ildə Respublikamızda Cüdo Federasiyası yaradılıb. Bu illər ərzində federasiyaya Arif Ələkbərov rəhbərlik edib. 1980-ci ildən Federasiya rəhbərliyində dəyişikliklər baş verib. Yeni sədr - Rəhim İsmayılov -16 il ərzində qurumun rəhbəri olub. 1996-cı ildən Fizuli Ələkbərov Azərbaycan Cüdo Federasiyasının prezidentidir.
22 noyabr 1972-ci ildə respublikamızda ilk dəfə olaraq cüdo üzrə yarışlar keçirilib. İlk klublar "Dinamo", "Burevestnik", "Lokomotiv", "Vodnik" cəmiyyətlərində və Sumqayıt, Gəncə şəhərlərində fəaliyyət göstərməyə başlayır. 1972-ci ilin dekabrında Azərbaycan cüdo məktəbinin ilk məşqçiləri olan İsmayıl Əhmədov, Sabir Hüseynov, Ağarza Əhmədov və Viktor Kuznetsov Tallində təşkil olunmuş məşqçilərin ilk ümumittifaq seminarında iştirak edirlər. Daha sonra ümumittifaq hakimlər seminarlarında Əhməddin Rəcəbli və Viktor Kuznetsov, 1973-cü ildə isə Ukraynanın Fiadosiya şəhərində keçirilmiş məşqçilərin ikinci ümumittifaq seminarına Zair Məmmədov, Tərlan Həsənov və Rauf Şəfiyev də iştirak ediblər. İsmayıl Əhmədov, Sabir Hüseynov, Əhməddin Rəcəbli, Ağarza Əhmədov, Rauf Şəfiyev, Viktor Kuznetsov, Ənvər İskəndərov, Tərlan Həsənov, Cərulla Şinqarov, Səməd Şəhniyarov - bu mütəxəssislər Azərbaycanın ilk cüdo məşqçiləri sayılırlar. İlk idman ustası Sahib İsmayılov, ilk beynəlxalq dərəcəli idman ustası Qüdrət Pəncəliyev, ilk əməkdar idman ustası adına isə Nazim Hüseynov layiq görülüb. Respublikanın ilk əməkdar məşqçisi Əhməddin Rəcəbli, keçmiş SSRİ-nin ilk əməkdar məşqçisi adını isə Ağayar Axundzadə alıb. Qızlar arasında ilk idman ustası Arzu Atayeva, ilk beynəlxalq dərəcəli idman ustası isə Gülşən Şirinova olub. İlk ümumittifaq dərəcəli hakim adını Rauf Şəfiyev, ilk beynəlxalq dərəcəli hakimlər isə Zair Məmmədov və Valeh Məhərrəmov olublar. Keçmiş SSRİ birinciliklərinin ilk qalib və mükafatçıları Ələkbər İsmayılov (1975 qızıl), Sahib İsmayılov (1972 bürünc), Ənvər Əhmədov (1982 gümüş) olub. Fərhad Rəcəbli Azərbaycan cüdoçuları arasında İlk dəfə olaraq Avropa miqyaslı yarışlarda medal qazanıb. O 1978-ci ildə Macarıstanda keçirilmiş gənclər arasında Avropa birinciliyində III yerə layiq görülüb.
Bu gün də Azərbaycan cüdo məktəbinin yetərincə ehtiyat qüvvəsi var.
Bütün xəbərlər Facebook səhifəmizdə