“Rəvan” Rusiya “Spartak”ı ilə görüşəcək

Bu gün UEFA Gənclər Liqasında yeni mövsümün püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Çempionlar Liqasında çıxış edən klubların U-19 komandalarından sonra öz ölkəsinin ən güclüsü olan 32 komandanın da rəqibləri müəyyənləşib.

AFFA-nın təşkil etdiyi U-19 Liqasının 2014/2015-ci il mövsümünün qalibi olaraq turnirə vəsiqə qazanan "Rəvan" komandasını püşkatmada klubun vitse-prezidenti İlqar Axundov təmsil edib.

Püşkatmanın nəticəsinə əsasən, "Rəvan"ın 19 yaşlılardan ibarət komandası ilk mərhələdə Rusiyanın "Spartak" (Moskva) klubundan olan həmyaşıdları ilə üz-üzə gələcək. Birinci mərhələnin ilk oyunları sentyabrın 29-30-da, cavab oyunları oktyabrın 20-21-də keçiriləcək.

Bu qarşılaşmanın qalibi növbəti mərhələdə "Şalke" (Almaniya) - "Ayaks" (Hollandiya) oyununda qələbə qazanan komanda ilə görüşəcək. İkinci mərhələnin matçları noyabrın 3-4-də və 24-25-də təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...