Qubada “Live Your Goals” festivalı baş tutub

Xəbər verdiyimiz kimi, Quba Olimpiya İdman Kompleksində FIFA-nın bayrağı altında AFFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatı çərçivəsində "Live Your Goals" (Öz Məqsədini Yaşat) festivalı keçirilib. Siasport.az saytının AFFA-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbirlə əlaqədar əvvəlcə mətbuat konfransı təşkil olunub. Mətbuat konfransında Quba rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova, futbol veteranı Asim Xudiyev, Azərbaycan milli komandasının üzvü Mahir Şükürov, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının oyunçusu Jalə Məhsimova və FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu, müğənni Çingiz Mustafayev iştirak edib.

Məlumat üçün bildirək ki, mətbuat konfransı başa çatdıqdan sonra tamaşaçıların alqış sədaları altında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotu Top-top Qız rəqs edərək stadiona daxil olub. Tədbirin aparıcısı maskotla bağlı tamaşaçılara ətraflı məlumat verərək festivalı açıq elan edib.

Qeyd edək ki, çıxış edənlər bu festivalın Qubada keçirilməsindən məmnun olduqlarını bildirib, belə tədbirlərin qadın futbolunun təbliğində əhəmiyyətli rol oynadığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə