Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb

27 sentyabr 2020-ci il tarixində Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə başlayan və 44 gündə əzəli Azərbaycan torpaqlarının 30 illik əsarətinə son verməklə nəticələnən İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə Azərbaycan xalqı var olduğu müddətcə tarixdə əbədi olaraq qalacaqdır. Bu gün artıq həmin tarixdən iki il ötüb. Ancaq zaman keçsə də, 27 sentyabr günü xalqımızın qəlbində ilk günkü təəssüratlarını qoruyub saxlamaqdadır. Bu gün Azərbaycan xalqı üçün – işğalın sonunun başlandığı gündür. Hər bir azərbaycanlı 27 sentyabr günü Azərbaycan Respublikası Prezidentinin xalqa müraciətini dinlədikdə və Müdafiə Nazirliyinin gün ərzində verdiyi bəyanatlara baxdıqda tam əminlik hiss edirdi ki, bu, sonda haqqın qələbə qazanacağı, kağız üzərində qalan ədalətin bərpa olunacağı həmin müharibənin başlanğıcıdır. Prezident İlham Əliyevin 27.09.2020-ci il tarixli xalqa müraciətindən bir hissəni xatırlayaq: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Bəli, cəmi 44 gün sonra bu sözlər öz təsdiqini tapdı. Əzəli Azərbaycan torpağı öz sahiblərinə qovuşdu. Bu gün Azərbaycan xalqı qalib xalq, Azərbaycan dövləti qalib dövlət, Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan kimi yaşayır. Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb.
27 sentyabr 2020-ci il gününə nəzər salsaq, ilk qələbə xəbərlərinin məhz həmin gün gəldiyini müşahidə edirik. İşğaldan azad olunan ilk kəndlərdən biri isə Füzuli rayonunun Qaraxanbəyli kəndi idi. Bu gün bu kənd Azərbaycan Respublikasının yurisdiksiyasındadır və bu ərazidə Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, Azərbaycan Respublikasının dövlət bayrağı qürurla dalğalanır. Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu kəndə səfər etmiş və kənddə 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoymuşdur. Bununla yanaşı, Prezident İlham Əliyev burada çıxış edərək şanlı qələbəmizin əldə olunmasında şəhidlərimizin rolunu qeyd etmiş və bildirmişdir ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Ölkə başçımız çıxışında xatirə lövhəsinin niyə məhz bu ərazidə yerləşdiyini açıqlayaraq bildirdi ki, bu ərazi ilk şəhidlərin verildiyi ərazilərdən biridir və burada - abidənin yanında vaxtilə düşmənin səngəri yerləşirdi. Ölkə başçımızın çıxış etdiyi ərazinin görüntülərindən də görünürdü ki, həmin ərazidə bir neçə mərhələli istehkamlar qurulub. Təbii ki, ermənilərin çox qürrələndiyi, “keçilməz” hesab etdiyi bu istehkamlar müharibənin elə ilk günündə Azərbaycan əsgəri tərəfindən yerlə bir edildi, cəmi bir neçə saata müdafiə xətti yarılıb keçildi. Amma həqiqətən də müharibədən öncə Azərbaycan əsgərinin, zabitinin, Ordusunun 27 il uzaq qaldığı, əvəzində həmin dövrdə düşmən ölkənin ordusunun möhkəmləndiyi, istehkamlar qurduğu torpaqlarda müharibə aparmaq olduqca çətin, hətta ağlasığmaz görünürdü. Yəqin elə bu səbəbdən sadəcə düşmən ölkə yox, bir çox beynəlxalq ekspert Azərbaycanın bu müharibədə böyük itkilər verəcəyini və qalib gələ bilməyəcəyini düşünürdü. Reallıq isə göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri üçün qeyri-mümkün heç nə yoxdur. Vətən sevgisini, yurd həsrətini, xalqının illərdir tapdalanan ləyaqətini bərpa etmə istəyini özünə əsas motivasiya seçən Azərbaycan əsgərini heç nə dayandıra bilməz. Və belə də oldu, ölkə başçısına bir çox təzyiq etmə cəhdlərinə, böyük dövlətlər tərəfindən status-kvonun saxlanılması arzusuna baxmayaraq Azərbaycan əsgəri ona verilən bütün tapşırıqları dəqiqliklə yerinə yetirərək düşməni Qarabağdan və Şərqi Zəngəzurdan qovub çıxartdı. Bu gün böyük qürur və fərəh hissi ilə deyə bilərik ki, Azərbaycan əsgəri, zabiti 44 gün ərzində misli görünməmiş bir qəhrəmanlıqla hərəkət edərək hər gün irəlilədi və sonda 8 noyabr tarixində düşmənə həlledici zərbəni vuraraq Şuşanı, mədəniyyət paytaxtımızı, Qarabağımızın incisini işğaldan azad etdi. Bu, sadəcə bir şəhərin azad olunması deyildi, bu, həm də ermənilərin psixoloji cəhətdən məhv olması demək idi. Hadisələrin gedişatı da sübut etdi ki, “Alınmaz qala” olan Şuşanın hərbçilərimiz tərəfindən alınması düşməni mənəvi cəhətdən bitirdi. Beləliklə, bu qələbə, Şuşa ilə yanaşı, digər şəhər və kəndlərimizin hərbi-siyasi yolla qaytarılması Azərbaycanın “Dəmir yumruğ”u hesabına başa gəldi. Buna görə biz şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borcluyuq. Ölkə başçımızın da dəfələrlə qeyd etdiyi kimi, şəhid ailələri daim hər birimizin diqqətində olmalı və onlara xüsusi qayğı və ehtiram göstərilməlidir.
Cənab İlham Əliyevin Qaraxanbəylidəki çıxışının ən vacib nüanslarından biri də heç şübhəsiz, hər birimizin özünə vəd verməli olduğunu söylədiyi anlar idi. Dövlət başçımız bildirdi ki, bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin və ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Bəli, Azərbaycan gənci olaraq hər birimiz söz veririk ki, bundan sonra da Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşəcək, Azərbaycan dövlətçiliyinin və ərazi bütövlüyünün qorunması üçün canımızdan belə keçməyə hazır olacağıq.



Rüstəmzadə Səkinə
“Pirallahi Tibb Mərkəzi” PHŞ, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı
YAP Pirallahı rayon təşkilatının gənc fəalı

Bütün xəbərlər Facebook səhifəmizdə