Tıxacları yaradan əsas səbəblər nələrdir? - ARAŞDIRMA

Bakı sürətlə inkişaf edən və böyüyən şəhərlərdən biri olduğundan, yollarda hər gün tıxac və sıxlıq hallarına rast gəlinir. Təbii ki, əhalinin sayının, məskunlaşma ərazilərinin və nəqliyyat vasitələrinin sürətlə artması da bu məsələdə mühüm rol oynayır. Eyni zamanda yollarda sürücülərin sayının çoxalması qəzaların baş vermə səbəblərini nisbətən artırır. Avtomobil idarə edərkən bir çox tələblər vardır ki, hər bir sürücü həmin tələbləri çox yaxşı bilməlidir. Hətta yüksək dərəcədə peşəkar olmayan sürücülər də ən azından instiktiv olaraq bu tələblərə əməl etməyə çalışmalıdır. Belə ki, yağış yağanda yollar islanır. Yollarda təkərin asfalta ilişməsi pisləşir. Avtomobil yaş yolda sürüşə bilir. Ona görə də, sürücülük təlimləri zamanı sürücülərə yaş yolda yavaş sürmək lazım olduğu öyrədilir.

Yağıntılar yollarda bir çox problemlər yaradır ki, bu da tıxacların yaranmasına və nəticədə qəzaların baş verməsinə gətirib çıxarır.

Təəssüf ki, bizim yollarımızın konstruksiyası elə deyil ki, su yollardan qısa müddətə çəkilsin. Gölməçələrin bir neçə sm dərinliyi olsa belə, onlar təhlükəlidir. Tormoz verəndə problem yaranar, yüksək sürətdə isə idarəetmə itirilə bilər. Sürüclərin əksəriyyəti gölməçələrin dərinliyinin nə qədər olduğunu bilmirlər. Bu da sürəti endirməyə məcbur edir. Nəticədə yollarda hərəkət intensivliyi aşağı düşür. Müəyyən nöqtələrdə tıxaclar artmağa başlayır. Müşahidələr göstərir ki, xüsusən şəhərin daxilində yağışlı havalarda insanlar avtobillərində getməyə üstünlük verirlər. Piyada gəzintilər yağışlı havalarda çətin olduğuna görə, yaxın məsafələr üçün belə, nəqliyyatdan istifadə yollarda maşınların sayının çoxalmasına səbəb olur. Dünyanın inkişaf etmiş ölkələrində hətta leysan yağışlar zamanı küçələrdə gölməçələr olmur. Su dərhal çəkilir. Yollarda suyu ötürmə sistemi mükəmməl qurulur. Yolun səthi hamar, elə formada olmalıdır ki, yağan yağış yolun ortasında yığılıb qalmasın, kənarlara axsın.

Tıxacın yaranmasının əsas səbələrindən biri bəzi sürücülərin yol mədəniyyətinin aşağı olması ilə bağlıdır.

Tıxac nədən yaranır?

Bir və ya bir neçə nəqliyyat vasitəsinin yol hərəkət qaydalarının pozulması tıxacların yaranmasına əsas səbəblərdən biri kimi götürə bilərik. Yol mədəniyyətinin qaldırılması ən vacib şərtlərdən biridir. Tıxaclar əsasən günün pik saatlarında, yol ayrıclarında qeydə alınır. Hamı tələsir, birinci getmək istəyir. Hamının birinci getmək istəyinin nəticəsində sıxlıq yaranır, yol bağlanır, nəticədə isə heç kim gedə bilmir. Tıxacların yaranmasının digər səbəbi də yol hərəkətinin doğru tənzimlənməməsidir. Bununla bağlı bir sıra qurumlar məşğul olurlar.

Bakıda tıxacların yaranması səbəblərinə yollardakı işıqforlar da daxildir. Yollar çəkilsə də, işlər sona qədər çatdırılmır. Məsələn, yollar lazımi enliyə malik olmur, işıqforlar düzgün nizamlanmır, yaxud nişanlardan düzgün istifadə olunmur. Diqqət yetirsək görərik ki, yollarda məlumatlandırıcı nişanlar azdı, hətta yox səviyyəsindədir.

Xüsusən pik saatlarda daha çox müşahidə olunan tıxacların yaranması bir neçə səbəbə zəmin yaradır. Daha çox paytaxt küçələrində müşahidə olunan vəziyyətə görə gecikmə halları, aqressiya, mübahisə, bəzən də qəza halları baş verir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov SİA-ya açıqlamasında tıxacların yaranma səbəblərini açıqlayıb.

Bakıda avtomobil tıxacları müxtəlif obyektiv və subyektiv səbəblərdən dolayı yaranır. Əsas məsələ hal-hazırda Bakı şəhərində yolların daraldılması, avtomobil sayının çox olması və ictimai nəqliyyatın zəif işləməsidir. İctimai nəqliyyat demək olar ki, əlçatmaz olub, xüsusən də avtobuslar arasında çox böyük intervallar var. İnsanların dayanacaqda uzun müddət avtobusu gözləməsi, kart sistemindəki problemlər və s. insanları avtobus istifadəsindən uzaqlaşdırır. Ən azından yaranan tıxacların qarşısını alacaq addım kimi şəhərdə fəaliyyətdə olan avtobusların sayını artırmaq vacibdir. Avtobus sayını artırmaqla sərnişin daşımanı keyfiyyətlə həyata keçirilməklə qismən də olsa tıxacların qarşısını almaq mümkündür. Bakı şəhərinin demək olar ki, hər yerində tıxaca rast gəlinir, xüsusilə böyük prospekt və küçələrdə pik saatlarında daha çox şahidi oluruq. Tıxacların yaranma səbəblərdən birincisi bundan ibarətdir ki, vaxtilə Bakı şəhərində nizamsız tikintilər inşa edilib, avtomobillərin infrastrukturu doğru qurulmayıb, bəzən parklanma yerlər zəbt olunub hündür binalar tikilib. Hətta avtomabil yollarının bir hissəsində, piyada səkisində belə binalar tikilir və yollar daralır. Azərbaycanda olan milyon yarım avtomobilin yarıdan çoxu demək olar ki Bakı şəhərindədir. Avtomobillərin yarısı yararsızdır və belə avtomobillərlə yanaşı təəssüf ki qeyri-peşəkar, təcrübəsiz hətta məsuliyyətsiz sürücülər çoxdur. Köhnə avtomobillər sıxlıq zamanı xarab ola bilir, yüngül qəzalar baş verir, bu zaman sıxlıq və tıxac yaranır.

Yağış yağanda da avtomobillər çox aşağı sürtətlə hərəkət edir. Avtomobillər nisbətən aşağı sürətlə idarə olunduqda yolun buraxıcılıq qabiliyyəti azalır. Nəticədə aşağı sürətlə hərəkət edən avtomobillər sıxlıq yaradır. Xüsusilə dar yollarda bu kimi problemlər daha qabarıq şəkildə büruzə verir. Sürücülər vaxtaşırı öz avtomobillərini nəzərdən keçirməlidir. Bu kimi məsələlər kifayət qədər geniş miqyas alır və üst-üstə gəldikdə yollarda keçilməz tıxaclara və gərginliyin yaranmasına gətirib çıxarır.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat Katibi Mais Ağayev isə qeyd edir.

Tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq əvvəlcədən qabaqlayıcı tədbirlər görülür. Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatdırılması üçün tapşırıqlar verilib. Bildirilib ki, gündəlik xəttə çıxarılan avtobus sayı və avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənməli, eləcə də tələbat olan xətlər üzrə avtobus sayı artırılmalıdır. Sürücülərin hərəkət cədvəlinə, yol hərəkəti və sərnişindaşıma qaydalarına riayət etməsinin zərurililiyi diqqətə çatdırılıb.

Sərnişindaşımaların düzgün və səmərəli icra olunması üçün hərəkət iştirakçılarına, o cümlədən fərdi avtomobil sürücülərinə anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma-durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Çünki bu cür hərəkətlər ictimai nəqliyyat istifadəçiləri üçün əlavə çətinliklər yaradır.

Yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələri ətrafında sıxlıqların yaranacağı istisna edilmir ki, belə halların yaşanmaması üçün sürücülərdən həmin ərazilərdə dayanma və durma qaydalarına riayət etmələrini və mümkün qədər ictimai nəqliyyata üstünlük vermələrini xahiş edirik.

"Müşahidələr göstərir ki, bəzən birinci sinifə qədəm qoyan şagird məktəbə bir neçə avtomobilin müşayiəti ilə gətirilir ki, bu da sıxlığın yaranmasına səbəb olan amillərdəndir". Bu sözləri SİA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev deyib.

Bütün bunları nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yol hərəkəti iştirakçılarına edilən çağırışlara həssaslıqla yanaşmalarını istəyirik.

Tədris ilinin başladığı gün əsasən təhsil müəssisələri və ona yaxın küçə və prospektlərdə tıxaclar müşahidə olunur. Tıxacların yaranmasına səbəb isə sürücülər tərəfindən dayanma və durma qaydalarına riayət edilməməsi, yolayrıcını keçmə qaydalarının pozulması, məktəbin qarşısında bəzi valideynlərin yolun hərəkət hissəsində dayanması, eləcə də nasaz nəqliyyat vasitələrinin istismarıdır. Əlavə edim ki, həmin ərazilərdə yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün dövlət yol polisinin əməkdaşları tərəfindən gücləndirilmiş formada xidmət təşkil ediləcəkdir.

Qeyd edək ki, yol hərəkətinin təşkili qanunvericiliyə uyğun olaraq tənzimlənir ki, belə xoşagəlməz halların yaranmasına əsas səbəb bəzi sürücülərin yol hərəkəti qaydalarına biganə yanaşmasından irəli gəlir. Bu da nəticədə həmin ərazidə süni sıxlığın yaranmasına və vətəndaşların haqlı narazılıqlarına gətirib çıxarır. Həmin günlərdə mövcud vəziyyətin nəzərə alınmasını, yol hərəkəti qaydalarına ciddi riayət edilməsini hərəkət iştirakçılarından xahiş edirik.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə