Abşeron rayonunda şəhidlərin məzarı ziyarət olunub

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhid ailələri və qazilər Xırdalan şəhərindəki Şəhidlər xiyabanını və İkinci Fəxri xiyabanı ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə çiçəklər düzülüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ziyarət zamanı şəhidlərin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Şəhidlərin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev bildirib ki, 44 günlük Vətən müharibəsi tariximizin parlaq və unudulmaz səhifələrindən birini təşkil edir: “Vətən müharibəsində qazandığımız qələbənin əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasət yürüdərək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə əldə etdiyi uğurları və milli-dini həmrəyliyimiz dayanır.

Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək “Dəmir yumruq” kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək işğala son qoyublar. Bütün dini konfessiyalar dəfələrlə düşmənin ölkəmizə qarşı yönəlmiş təxribatlarına kəskin şəkildə etiraz edib, din xadimləri şücaətli Ordumuzun qələbəsi üçün daim dualar edərək ayinlər həyata keçiriblər”.

Həmçinin qeyd edilib ki, Ermənistanın işğalçılıq siyasəti yalnız Azərbaycana deyil, bütün müsəlman dünyasına qarşı yönəlib. Çünki 30 ilə yaxın işğal dövründə Ermənistanın dağıtdığı və erməniləşdirilməsinə cəhd etdiyi bütün tarixi və dini abidələr həm də İslam irsinin tərkib hissəsidir. Bu baxımdan Azərbaycan erməni faşizminin qarşısını almaqla müsəlman dünyası qarşısında tarixi xidmət göstərdi. Təkcə özünün deyil, bütün İslam dünyasının dəyəri olan mədəni və dini irsi müdafiə etdi.

Abdin Fərzəliyev işğaldan azad edilmiş ərazilərdə erməni vandalizminin qurbanına çevrilmiş dini abidələrin bərpasının dövlətin prioritetləri sırasında olduğunu diqqətə çatdıraraq qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva davamlı olaraq məscidləri ziyarət edir, dini ibadətgahların təmir-bərpası, həmçinin yeni məscidlərin tikilməsini diqqət mərkəzində saxlayırlar. Bu, özünü işğaldan azad olunmuş ərazilərdə də açıq şəkildə göstərir.

Şəhid ailələri də öz növbələrində dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini qeyd ediblər. Göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə, hər zaman onlara dayaq olan birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə