Deyirlər ki, indi şou-biznes aləmində açıq-saçıq geyinmədən məşhurlaşmaq mümkün deyil. Elə bunu eşitmişdim ki, ardınca sosial şəbəkələrdən birində gənc müqənnilərimizdən birinin ən son konsertlərindən birindəki geyimi ilə qarşılaşdım. Uzun yırtmaclı paltarda mahnı ifa edən müğənninin fikri qalmışdı dizindən bir neçə qarış yuxarıda. Nəinki fikri, əli də qalmışdı orada. Elə hey paltarı aşağı dartırdı. Yorumlarda da yazırdılar ki, ay bala, sən nə yaman əziyyət çəkirsən, yırtmac nədir, əl orda qaldı nədir və ya digər xoşagəlməyən sözlər.

Hə, müğənninin bu halını görəndən sonra, “indi şou-biznes aləmində açıq-saçıq geyinmədən məşhurlaşmaq olmaz” söhbətini bir daha xatırladım. Yəqin həmin müğənni də elə o söhbətlərin təsiri altına düşübmüş ki, yeni aldığımı, tikdirdiyimi paltarını bu günə qoymuşdu.

Yəqin sizlər də şahidisiniz ki, indi əksər qadın müğənnilərin paltarlarının ya yuxarı, ya da aşağı hissəsi söhbətimizin mövzusu kimidir. Vallah, yağışdan sonra göbələklər necə çoxalırsa, bu cür geyimlər də çoxalır, yəqin fikir verənlər az olmaz aramızda.

Bu barədə çox düşündüm, daşındım, dedim axı nəyə görə bu cür geyinmədən məşhurlaşmaq olmaz axı. Geyimin məşhurlaşmağa, tanınmağa nə dəxli var? Hələ tək müğənnilər yox, televiziya aparıcıları da bu cür geyimlərə müraciət edirlər. Fikirləşdikcə, baxıram ki, yox ey, bilmədiyim nələrsə var. Yenidən bir də düşündüm, dedim yox, yəqin burada bilmədiyimiz, ya da hələ də dərketməmizin anlamağa imkan vermədiyi başqa bir məsələ var. Axı geyimlə məşhur olmağın nə əlaqəsi ola bilər ki?

İnanın həftələrdir bu barədə düşünürəm. Yaxınlarıma, tanıdıqlarıma da bununla bağlı suallar vermişəm. Onlardan məni qınayanlar da olub, “sən də geridə qalmısan ey, müasir zəmanədir, səhnəyə çıxan geyimini bir qədər cəlbedici geyinməlidir də” deyənlər də olub. Lakin mən bu fikirlərlə razılaşa bilmirəm axı. Nə üçün, nə səbəbə biz televiziyada bir verilişi aparanda yaxası açıq paltar geyinməli, veriliş boyu əlimizlə saçlarımızı həmin açıq yerə dartmalıyıq, nə üçün minlərlə insanın qarşısında səhnədə mahnı oxuyarkən əlimiz ətəyimizin yırtmacında qalmalıdır? Nə üçün bizim cinsin nümayəndələri geniş dekolite ilə ortalığa çıxmalıdırlar? Bunun bir qısqanclıq tərəfi də var hələ ki, məni rahat buraxmır ki, buraxmır?

Bu məsələdə mənə bir təskinlik verən olmadı ki, olmadı. Günlərlə düşünüb daşındım, əziyyət çəkib beynimi işlətdim. Necə deyərlər, baş sındırdım. Sual verin, nəyi kəşf etdim?

Yəqin sizlər üçün də maraqlı olar nəyi kəşf etməyim. Lakin yenə də deyirsiniz ki, bu yenə başlayıb başqalarının işinə qarışmağa. Xeyr, mən heç kimin işinə qarışmıram. Sadəcə müşahidələrim var ki, gördüklərim barədə düşünürəm və yazıram. Yazacağam da.

Buyurun, kəşf etdiklərimi dinləyin, görün haqlıyam, ya haqsız. Axır ki, tapdım bu cür geyimlərin səbəbini. Belə geyinən aparıcı və müğənnilərimiz var ha, onların istedadı və savadı yoxdur. Nə oxuduqları mahnıdır, nə də səsləri səs, nə də televiziya kanallarında danışdıqları sözdür. Yığnaqdır. Bu səbəbdən də gücü verirlər geyimə ki, bəlkə geyimləri ilə diqqət çəkələr. Hə, müşahidə etdiyim müğənniləri də, aparıcıları göz önünə gətirdim, gördüm ki, ay Allah, necə də düz tapmışam. Sizcə necə tapmışam, doğru səbəbdirmi?

Mənimlə razılaşanlar, bilirəm ki, yüzlərlə, minlərlə olacaq. Razılaşmayanlara isə elə indicə elə bir fakt söyləyəcəyəm ki, yerlərində donub qalacaqlar. Görəcəklər ki, biz qəzet əhli ilə razılaşmaqdan başqa çarələri ola bilməz. Buyurun, dinləyin. Əgər məşhur olmaq üçün bənənin yarısını açıb göstərməyi vacib bilirsinizsə, siz çox-çox yanılırsınız və səhv düşüncədə, səhv yoldasınız. Məşhur müğənnilərimizdən Şövkət Ələkbərova, Fatma Mehrəliyeva, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Səkinə İsmayılova, Fidan və Xuraman Qasımova bacıları, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Aygün Bayramova, Şahnaz və Aybəniz Haşımova bacıları, Azərin, Zülfiyyə Xanbabayeva, aparıcılarımızdan Ofelya Sənani, Roza Tağıyeva, Şərqiyyə Hüseynova və adlarını çəkmədiyim, bunun üçün üzr istədiyim müğənni və aparıcı qadınlarımız var ki, onlar mentalitetimizə uyğun geyimləri ilə həmişə nümunə olublar. Eyni zamanda bu cür geyimlərində də Azərbaycanın ən məşhur müğənni və aparıcı qadınları olub və olmaqdadırlar ki, bundan sonra onları əvəz edə biləcək kimlərinsə olması şübhə altındadır.

Necə düşünürsünüz, razılaşırsınızmı mənimlə? Razılaşmayıb nə edəcəksiniz ki... Çox sevinirəm ki, bu məsələni çözə bildim. İndi sözüm həmin o müğənni və aparıcılaradır: istedadınız varsa, səhnəyə, ekranlara çıxın, inanın ki, paltarlı da məşhur olmaq mümkündür. Əks təqdirdə, istedadınız yoxdursa, üstəlik paltarınızı da biabırçı vəziyyətə gətirirsinizsə, çox yazıqlar olsun sizə ki, azərbaycanlısınız...

Hə, diqqətimi çəkən bir məsələni də deməsəm olmaz. Yuxarıda da vurğuladığım kimi, bu cür paltarlı müğənnilərin də, aparıcıların da əlləri, fikirləri qalır o açıq yerlərdə. Bunu da hər kəs bir cür dəyənləndirə bilər. Lakin mən belə dəyərləndirirəm ki, biz azərbaycanlıyıq, milli mentalitetimiz var. Şüuraltına həkk olunmuş genetik kodlarımızdı o əlləri açıq-saçıq yerlərə aparan. Buna çox sevinirəm. Çünki hələ də qalan var. Belə isə silmək, yaxud üstünə gətirək barədə düşünək...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...