"Xaricdən maliyyələşən media Azərbaycanda fəaliyyət göstərə bilməz" - SORĞU

Çox təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lər və media qurumları var ki, başqa agentliklərə işləyir. Onlar xarici resurslara işləməkdə maraqlıdırlar. Bəs, ümumiyyətlə media və QHT özlərini necə tənzimləməlidir? SİA mövzu ilə bağlı sorğu edərək media və QHT nümayəndələrinin fikirlərini öyrənib.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “Təxminən 10-15 il əvvəllə müqayisədə indiki dövrdə həqiqətən başqa xarici mərkəzlərlə əməkdaşlıq edən qurumların prinsipləri əsasında işləyən bəzi QHT və media orqanlarının qurumları xeyli dərəcədə məhduddur. Hətta mən deyərdim ki, 15 il əvvəllə müqayisədə belə QHT və media qurumlarının sayı minimumdan da aşağı səviyyədədir. Doğrudur, bunun kökü tamamilə kəsilməyib və az da olsa rast gəlinir. Hələ də müxtəlif Azərbaycan dövləti ilə bir çox prinsipial məsələlərdə uzlaşmayan mərkəzlərlə bağlı media orqanları və QHT-lərin fəaliyyətlərinə rast gəlmək mümkündür. Amma bu tendensiyanın getdikcə azalması bizim üçün müsbət məqamdır. Bu gün həyata keçirilən müəyyən məqsədyönlü tədbirlər nəticəsində bu çevrə olduqca daralıb. Bu yaxşı bir haldır. Onların çevrəsi genişlənərsə bu bizim üçün çox böyük təhlükə ola bilər. Ona görə də proses daim nəzarət altında saxlanılmalıdır. Hər kəs də bilməlidir ki, ölkənin milli mediası və QHT sektoru yalnız milli və dövlətçilik mənafeləri ilə bağlı olmalıdır.

Ötən illərdəki təcrübə də göstərdi ki, öz dövlətimizə, onun milli təhlükəsizlik maraqlarına, mənəvi dəyərlərinə bağlı olmayan nə QHT-lər, nə də media orqanları nəninki inkişaf edə, hətta mövcud ola bilməzlər. Hər hansı bir media orqanı və QHT-lər dövlət və milli mənafedən nə qədər uzaqlaşırsa, bir o qədər öz fəaliyyətini məhdudlaşdırmış olur.

Ötən illərin təcrübələrindən biri də bundan ibarətdir ki, media və QHT sektoru yanız dövlət və milli mənafelərə bağlı olduqda güclü olur. Əks halda, onlar güclü ola bilməzlər. Çünki xaricdəki müxtəlif mərkəzlərə bağlandılarsa, demək ki onların müstəqilliyi itirilib, onlar fəaliyyət üçün çərçivə və prinsipləri sifariş formasında kənardan alırlar. Onlar peşəkar sturukturlara çevrilə bilməzlər”.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, tanınmış QHT sədri Gülayə Səfərova: “Ölkəmizin aparıcı ictimai institutlarından olan QHT-lər və Kütləvi İnformasiya Vasitələri müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq, dövlətimizin və cəmiyyətimizin formalaşmasında, inkişafında, ölkəmizdə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sisteminin qorunmasında, onun inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılmasında böyük rolu var.

Rəhbəri olduğum "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birlik də bu sahədə öz töhvəsini vermək üçün hər zaman media ilə münasibətlərini düzgün qurmaqda maraqlı olub. Çünki cəmiyyətimizi narahat edən problemlərlə bağlı həyata keçirdiyimiz layihələrin mediada işıqlandırılması cəmiyyətin daha da çox məlumatlanmasına və maariflənməsinə gətirib çıxarır. Ümumiyyətlə, dövlətimizin inkişafı naminə QHT-lərin və medianın milli maraqlarımızla bağlı olan bütün məsələlərdə vahid mövqedən çıxış etməsi çox vacib məsələdir. Amma çox təəssüf ki, bu də sıralarımızda siyasi dairələrin təsirinə düşərək, eyni zamanda ölkəmizin inkişafını gözü götürməyən beynəlxalq təşkilatlardan aldıqları qrantlar hesabına insan hüquq və azadlıq müdafiəsi pərdəsi altında ölkəmizi dünyada gözdən salmaq istəyən qüvvələrlə birgə fəaliyyət göstərən QHT-lər və media nümayəndələri var. Ona görə də bizlər də QHT və media təmsilçiləri olaraq belə məqamlarda onların yalanlarını ortaya qoymağı, hər zamankı kimi haqq səsimizi dünyaya çatdırmağı, dövlətimizin yanında olmağı, ümummilli həmrəyliyimizi qorumağa çalışmalıyıq”.

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu: “Azərbaycanda fəaliyyət göstərən QHT-lərlə mətbuatın bu mövzuda fərqlilikləri var. QHT-lər layihələrini xarici donorlara təqim edə bilirlər. Bu gün Azərbaycanda demək olar ki, xarici donorlar fəaliyyət göstərmir. Çünki Ədliyyə Nazirliyində və qanunda olan bəzi dəyişikliklər xarici qrantların Azərbaycana gəlməsini bir qədər yasaqlayır. Əslində bu məqsədə uyğundur. Çünki donorun kim olduğu ciddi şəkildə yoxlanılır. Bunlar təhlükəli məsələlər olduğu üçün dövlət ciddi əhəmiyyət göstərir. Buna görə də xarici qrantların ölkəyə gəlməsində bu və ya digər şəkildə maneələr var. Bu zaman da bəzi QHT-lərin xaricdən maliyyələşməsi bir qədər arxa plan düşür.

Media haqqında yeni qanunda göstərilir ki, media kənardan maliyyələşə bilməz. Xaricdən maliyyələşən media Azərbaycanda fəaliyyət göstərə bilməz. Məsələlər ciddi şəkildə tənzimlənir və nəzarətdə saxlanılır. Amma çatışmazlıqlar və ya neqativ hallar varsa buna qarşı həm cəmiyyət, həm ictimaiyyət, həm də dövlət öz sözünü deyib və deyəcək”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Media eksperti Müşfiq Ələsgərli: “Azərbaycan Respublikası ərazisində QHT və KİV-lərin forma və prinsipləri qanunvericilikdə tənzimlənir. Bunlar media və QHT haqqında qanunda çox açıq bir şəkildə qeyd olunub.

Azərbaycan Respublikasında xaricdə təsis olunan və auditoriya olaraq Azərbaycan ərazisinə yönələn KİV və eyni zamanda Azərbaycan ərazisində olub müəyyən beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək istəyən təşkilatların da formaları media haqqında qanunda çox aydın şəkildə göstərilib. Yəni, həm QHT-lərin, həm də KİV-lərin beynəlxalq əməkdaşlığı qanunlarla tənzimlənir.

Kimlər ki, öz fəaliyyətini beynəlxalq əməkdaşlıq səviyyəsində qurmaq istəyir onlar qanun səviyyəsində fəaliyyət göstərməlidirlər. Amma təəssüflər olsun ki, bəzən qanundan kənar fəaliyyətə təşəbbüs göstərənlər ortalığa çıxır. Qnunlardan kənara çıxanlar haqqında qanunla ölçü götürülür. Bu dünyanın hər yerində budur. Qanundan kənara çıxanların fərqli məqsədləri var".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə