Valideynlər uşağa ad qoyarkən nəyə əməl etməlidirlər? - EKSPERT DANIŞDI

"Adlarla bağlı hər zaman müxtəlif fikirlər səslənib. Qədim Misir, Hindistan, eyni zamanda, şumerlər, farslar və türklər, daha sonralar isə xristian və islam dünyasında adların enerjisi ilə adları əvəz edən ləqəb, təxəllüslərlə bağlı bir çox fikirlər olub". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, pedaqogikada, "Övladınıza qoyduğunuz ada uyğun olaraq o, gələcəkdə psixoloji olaraq sıxıla, mənəvi əzab da çəkə bilər, yaxud yaxşı mənada ətrafdakıların marağına səbəb ola bilər ",-deyə bir şey var: "Bu baxımdan, adların əhəmiyyəti çox böyükdür. Uşaqlara ad qoyarkən ilk öncə milli dəyərlərə söykənməliyik. Yəni, verilən ad şəxsin hansı millətin nümayəndəsi olduğunu ifadə etməlidir. İkinci olaraq bununla biz uşağın gələcəyini şifrələyirik. Uşağımızı böyük bir şəxs kimi görmək istəyiriksə, onda böyük əhəmiyyəti, fəlsəfəsi olan ad seçməliyik. Eyni zamanda, qanunların imkan verdiyi üzrə 18 yaşdan sonra ona adını dəyişmək üçün şərait yaratmalıyıq".

Ekspert sözlərinə davam edərək həmçinin qeyd edib ki, Qədim Şərqdə adlarla bağlı maraqlı nüanslar olub: "Nəinki yazıçılar, filosoflar, həmçinin tacirlər, bəylər, padşahlar və digər insanların adının qarşısında cürbəcür təxəllüslər, ləqəblər işlənirdi. Bununla yanaşı, insanlar bir müddət atalarının adı ilə tanınırdı. Daha sonra isə ataların məşhur oğullarının adı ilə tanındığı bir dönəm də olub. Bəzi ölkələrdə, o cümlədən Qədim Azərbaycanda Dədə Qorqud eposunda da göründüyü kimi müəyyən yaşa qədər uşaqlar adsız böyüyürdülər. Müəyyən yaşdan sonra onlara göstərdikləri əhəmiyyətli cəhətə, yaraşığına və ya qəhrəmanlığına görə xüsusi adlar verilirdi. İndiki dövrdə də bəzi Uzaq Şərq ölkələrində yeniyetməlik dövründən sonra uşaqların xarakterinə, nəslinə uyğun ad qoyulur. Təbii ki, adların bəlli və bəlli olmayan mənaları var. Bu mənalar vaxtilə Şərq ədəbiyyatında xüsusi dəyərləndirilib.
Ümumiyyətlə, valideynlər ad qoyarkən mütləq etik, psixoloji normaları, mənəvi və mədəni dəyərləri nəzərə almalıdır. İndiki dövrdə valideynlərin azərbaycanlı olub, uşaqlarına xarici seriallardan, kompüter oyunlarından ad seçib qoyması təəccüb doğurur. Valideynlər qoyduğu ada görə dövlət qarşısında, uşaqları qarşısında məsuliyyət daşıyırlar".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə