Dövlət və qeyri dövlət qurumlarında, o cümlədən özəl strukturlarda şəffaflığın təmin edilməsi üçün ictimai nəzarət institutlarının fəaliyyətinə ehtiyac var. Son zamanlar xüsusən qeyri-hökumət təşkilatları tərəfindən ictimai nəzarətin həyata keçirilməsi hallarına tez-tez rast gəlirik. Bəs, ictimai nəzarət media qurumlarında necə həyata keçirilir? Bu suala cavab vermək üçün ilk öncə yeni media anlayışını qavramaq lazımdır. Bəziləri yeni medianın yaranmasını yalnız texnikanın inkişafı ilə əlaqələndirir, digərləri isə daha yaradıcı mühitin formalaşmasını yeni medianın təzahürü hesab edir. Əslində, medianın "yeni" adlandırılmasına bunların hər ikisi təsir edir. Texnologiya sürətlə inkişaf edir, insanlar bir-biri ilə fərqli formada ünsiyyətə girir və bu, əlbəttə ki, medianı da yenidən şəkilləndirir. Mövcud dəyişiklik hər ölkədə fərqli üslubda təzahür edə bilir. Əlbəttə, bunun səbəbi də mədəniyyətlərin müxtəlifliyidir. İstənilən halda yeni bir dövrdə yaşayırıq və bu dövrün insanları problemlərini daha çox sosial şəbəkələrdə və internet mediasında işıqlandırır. Medianın inkişaf etdirilməsi üçün ictimai nəzarət institutlarının mühüm rolu var.
Yeni medianı anlamaq üçün öncə yeni media mühitinin nə olduğunu anlamaq gərəkdir. Əvvəlcə, hər şey çox qarışıq görünür. Adama elə gəlir ki, istifadəçilərin yaratdığı xaosda bir düzən, qayda axtarmaq mənasızdır. Elə buna görə də bu mühitdə cərəyan edən məlumatlar iftira da ola bilir, yalan da. Onlara güvənməzdən öncə məlumatlara tənqidi yanaşmaq, onları incələmək məsləhət görülür. Yeni etik öhdəliklərlə yanaşı, göründüyü kimi dəyişməz öhdəliklər var olmaqdadır. Yəni yeni media mühiti ilk növbədə seçimdir. Bu mühitdə iftiradan nifrətə, nifrətdən güvənsizliyə doğru da yol getmək olar və əksinə, yeni medianın açdığı fürsətdən yararlanaraq təşəbbüs irəli sürərək sosiallaşmaq olar.
Bəs yeni mediada etik öhdəliklərə əməl olunurmu? Biz oxuduğumuz məlumatı o dəqiqə düzgün qəbul edirik. Bu məlumatın düzgün olmamasına, etik kodekslərə riayət etməməsinə, yalan və ya iftira olmasına baxmırıq. Yəni ictimai nəzarət mexanizminin düzgün həyata keçirmək üçün ilk öncə ictimaiyyətin özü məlumatı oxuyub, düzgün qavraması və bu məlumatı yayarkən dəqiq olmasına önəm verməlidir. İnternetə ayrı-ayrı fərdlər şəklində daxil olsaq da, birlikdə hansısa icma və ya cəmiyyətik.
İctimai nəzarətin formalaşdırılmasında medianın oynadığı rol həm də cəmiyyətin özünün hərəkətlənməsinə səbəb olur. Media bir növ öndə gedərək insanları, ayrı-ayrı fərdləri ictimai nəzarət məsələlərində fəallaşdırır. İnsanlar bir problem haqqında məlumatı mediada gördükdə istər-istəməz səfərbər olurlar. Həmin problemin aradan qaldırılması üçün həmrəylik nümayiş etdirirlər. Göründüyü kimi burada hərəkətverici qüvvə mediadır. Bu baxımdan ictimai nəzarətin formalaşdırılmasında medianın rolu əvəzsizdir.
Sosial şəbəkələrdən sui istifadə edənlərə görə həqiqi medianın xidmətləri gözə dəymir. Azərbaycanda media institutu daimi yenilənmə və dəyişmə prosesindədir. Azərbaycanda ictimai nəzarətin düzgün formalaşmasına həssas yanaşılır.

Ölkə rəhbəri İlham Əliyev ictimai nəzarətlə bağlı fikirlərində vurğulayıb ki, İctimai nəzarət bir çox məmurları cinayət xarakterli işlərdən çəkindirəcək: “Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.
Media haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məlumat azadlığı haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarından, media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Ölkəmizdə İnternet-media hələ formalaşma mərhələsində olsa da, Azərbaycanla bağlı onlayn media resursları: bloqlar, forumlar, xəbər portalları kifayət qədərdir. Hazırda ölkəmizdə internet-media resurslarına nəzarət etmək üçün Mətbuat Şurasının (MŞ) tərkibində İnternet media resursları üzrə komissiya fəaliyyət göstərir. Ölkə mediasınının monitorinqi, xarici ölkələrin mediasının monitorinqi, sosial medianın monitorinqi, xəbər agentliklərinin monitorinqi, KİV reklamlarının monitorinqi daxildir.
Aparılan araşdırmalar bu gün media monitorinqin vacibliyini sübüt edir. Media ictimai rəyə və insanların seçiminə birbaşa təsir etdiyi üçün hazırda bütün dünyada media mütəxəssislərinin əsas hədəflərindən biri medianın müsbət təsirlərindən yararlanmaq və onları doğru məqsədlər üçün istifadə etməkdir. Bu məqsədlə KİV-lər öz strategiyalarını düzgün qurmaq üçün monitorınq aparmalı, səmərəli qərarlar qəbul etməklə saytın reputasiyasının yüksəlməsinə nail ola bilərlər.
“Media ictimai nəzarət funksiyasını tam şəkildə yerinə yetirə bilmir”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.
Ceyhun Musaoğlu bildirib ki, mediada bu günki dövrün tələbinə uyğun fəaliyyət göstərən saytlar olsa da xəbərin tez dövr etməsi bəzən imkan vermir ki, ictimai nəzarət funksiyası səmərəli həyata keçirilsin: “Çünki jurnalistlər daim yeni xəbər hazırlamaq və axtarmaqla məşğuldur. Bu zaman ictimai nəzarət unudularaq ikinci plana atılır. İctimai nəzarəti düzgün yerinə yetirmək üçün jurnalistin araşdırmasına ehtiyac var. Bu mənada ictimai nəzarəti yerinə yetirməli olduğu media daha çox funksiyalarını sosial şəbəkələrə verib. Sosial şəbəkələrdə isə mütəşəkkil və peşəkar şəkildə yerinə yetirə bilmir. Tutaq ki, hadisə baş verən zaman sosial şəbəkələrdə yayılır lakin, hadisənin təfərrüatları tam araşdırılmır. Bu gün daha çox məişət xarakterli problemlər daha çox ictimailəşdirilir”.

Mövzu ilə bağlı Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Media eksperti Müşfiq Ələsgərli fikirlərini bildirib: “Media haqqında nəzəriyyələrdə bir çox funksiyalar göstərilir. Bunların arasında xüsusi olaraq ikisi fərqləndirilir. Bunlardan biri medianın cəmiyyətin ehtiyac duyduğu informasiyanı tapması və cəmiyyətə catdırmaq funksiyasıdır. İkincisi missiyası isə dövlət və hakimiyyət qurumları üzərində ictimai nəzərat funksiyasını yerinə yetirməsidir. Bu iki cəhət medianın ən mühüm funksiyaları kimi qəbul edilir. Təbii, ki bu baxımdan medianın əsas işi bu nəzəriyyəyə uyğun olaraq cəmiyyətlə işləyən müxtəlif qurumlar üzərində ictimai nəzərat funksiyasını yerinə yetirməkdən ibarətdir. Azərbaycanda bu gün medai mühiti şəffaf və demokratikdir. İnformasiya vasitələrinin sərbəst və azad şəkildə fəaliyyət göstərib öz funksiyalarını yerinə yetirməsi üçün hər cür şərait qurulmuşdur. Azərbaycanda media mühiti KİV-ə öz missiyalarını yerinə yetirmək üçün kifayət qədər imkan yaradır. İlk öncə onu deyim ki, media mühitinin mühüm şərtlərindən biri ölkədə qanunvericilik bazasının təkmin olmasıdır. Azərbaycanda media qanunvericiliyi demokratik ruhludur və medianın sərbəst azad fəaliyyəti üçün imkan yaradır. Qeyd edim ki, bu il fevral ayının 8-dən qüvvəyə minən "Media haqqında yeni qanun" Azərbaycanda KİV-nin subyektlərinin sərbəst azad fəaliyyət göstərməsi və onların təhlükəsizliyinin təminatı üçün bütün aspektləri özündə cəmləyib. Azərbaycan mediasının institutlaşması və peşəkarlaşması üçün kifayət qədər əlverişli şərait var. Azərbaycan dövləti medianın müstəqilliyinin təmin olunması peşəkarlaşması və institutlaşması üçün çoxsaylı proqramlar icra edir. Azərbaycan yeganə ölkələrdəndir ki, burada KİV inkişafına dövlət dəstəyi konsepsiyası mövcuddur. Bu konsepsiya əsasında KİV subyektlərinə hər cür dəstək göstərilir ki, onlar peşəkarlaşaraq institutlaşsınlar. Media üçün mühüm olan digər şərt təhlükəsizliyin qorunmasıdır. Azərbaycanda medianın azad və təhlükəsiz fəaliyyət göstərməsi üçün də hər cür şərait yaradılıb. Eyni zamanda son iki il müddətində Media İnkişaf Agentliyinin xətti ilə media subyektləri o cümlədən informasiya sahibləri arasında geniş təlimatlandırma işləri həyata keçirilir. Bugünlərdə rəsmi qurumların mətbuat xidmətləri üçün xüsusi təlim keçirilir. Media İnkişaf Agentliyinin keçirdiyi bu təlimlər imkan verir ki, həm informasiya verən qurumlar, həm də informasiya alan qurumlar, öz subyektlərini yüksək səviyyədə quraraq missiyalarını həyata keçirsinlər. Azərbaycanda media mühiti liberal və demokratik olduğu üçün Azərbaycan mediası üçün hər cür şərait yaradılıb”.
“Bu gün həqiqətən də media ictimai nəzarət mexanizmini yerinə yetirən ən fəal institutlardan biri kimi özünü göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Səs Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.
Bəhruz Quliyev bildirib ki, vətəndaş cəmiyyəti institutları da bu prosesə qoşulurlar: “Vətəndaş cəmiyyəti institutları dedikdə QHT-lər, siyasi partiyalar və s. nəzərdə tutulur. Media da ictimai nəzarət funksiyasını yerinə yetirir. İlk növbədə qeyd edim ki, Azərbaycan mediası kifayət qədər zəngin qanunvericilik bazası ilə əhatələnib. Yəni medianın inkişafı üçün kifayət qədər demokratik qanunlar və şəffaf mühit var. Dünyadakı yeni trendləri Azərbaycan mediası özündə birləşdirə bilir. Ona görə ki, hüquqi bazamız yenilənib və əlavələr və dəyişikliklər olunub. Dəyişikliklərin özü bizi yeniliklərdən xəbərdar edir. Bu hüquqi baza imkan verir ki, baş verən hadisələri media tam əks etdirsin. Media cəmiyyətin güzgüsüdür. Əgər media cəmiyyətin güzgüsüdürsə, onda dövlət və cəmiyyətdə baş verən hadisələri media yaxşı və pis olmasından aslı olmayaraq işıqlandırmalıdır. Medianın bu hadisələri işıqlandırması və cəmiyyətə əks etdirməsi ictimai nəzarəti yaradır. Hər bir mənfi tendensiyanın ortadan qaldırılması istiqamətində media maarifləndirmə işləri aparır. Bu iş hər bir medianın əsas prisipidir. Həm referendumda hüquqi bazanın formalaşması, həm Konstitutsiyanın yeni maddələrindən irəli gələn yeni qanunların qəbulu, xüsusilə "Media haqqında" yeni qanunun qəbulu göstərdi ki, Azərbaycan mətbuatı baş verən hadisələrə müdaxilə etmək gücündədir və buna heç bir maneə yoxdur. Mətbuat özü hadisəni detallı şəkildə incələməli və obyektiv işıqlandırmağı bacarmalıdır. Mətbuat hadisələri görməli və cəmiyyətə çatdırmalıdır. Mətbuat cəmiyyət və dövlət arasında körpü rolu oynamalıdır. Ona görə ki, media yalnız nəzarət mexanizmi kimi qurumlara nəzarət etmir. Cəmiyyətdə və dövlətdə baş verən bütün hadisələri işıqlandırır. Bu gün mətbuatda müəyyən problemlər olsa da kifayət qədər öz missiyasını yerinə yetirir. Ötən illərlə müqayisədə mətbuatın özünü sağlamlaşdırması prosesi sürətlə həyata keçirilir. Baxmayaraq ki, qlobal dünyanın etiva etdiyi zəruri şərtlər bu prosesə müdaxilə edir. İnternet resursları dünyada və Azərbaycanda artıq kütləvi media statusu qazanıb. Sosial şəbəkələrdə günün hadisələri ictimailəşir. Sosial şəbəkələrdə şəxsin özəl həyatının işıqlandırılması düzgün deyil. Bəzən məmurların və ya vətəndaşların şəxsi həyatı ictimailəşir. Bu isə Konsititutsiyaya ziddir. Qanunlarda da gizli çəkiliş edərək məlumatların ictimailəşməsi yalnışdır. Yəni ki, ictimai nəzarət o demək deyil ki, hadisələrin hamısı işıqlandırmaq lazımdır. İlk öncə hadisənin cəmiyyətə nə cür təsir etməsi düşünülməlidir. Mətbuat eyni zamanda psixoloji silahdır. Mətbuat həm də mənfi hallara səbəb ola bilər. İctimai fikri yayındıra və ya aldada bilər. Bəzən elə informasiyalar olur ki dövlətlə cəmiyyət arasında olan bağı sındıra bilər və ya sarsıntı yarada bilər. Ona görə mətbuat bu cür hadisələri işıqlandırarkən həssas olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB