Valideynlər övladlarını dövlət baxçalarına qoya bilmir - SƏBƏB NƏDİR? - TƏHSİL EKSPERTİ AÇIQLADI

"Hazırda respublikada 1677 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrindən 1637-si dövlət, 40-ı isə özəldir". Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində 387 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir: "Məktəbəqədər təhsil müəssisələrində 111 090 uşaq tərbiyə alır və uşaqların məktəbəqədər təhsilə cəlbi 14,8% təşkil edir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların yaş səviyyəsinə uyğun olaraq 1-2 yaş qruplarına 15 uşaq, 2-3 yaş qruplarına 15 uşaq, 3-4 yaş qruplarına 20 uşaq, 4-5 yaş qruplarına 20 uşaq, 5-6 yaş qruplarına 20 uşaq düşür. Uşaq bağçalarında problem təkcə yer azlığı deyil, eyni zamanda həm Bakı şəhəri üzrə, həm də kənd rayonlarında ixtisaslı kadrlara hələ də ehtiyac qalmaqdadır. Təəssüf ki, bu sahədə çalışanlar arasında qeyri-ixtisaslı və ya ümumiyyətlə, təhsil almayanlar çoxdur. Dövlət uşaq baxçalarının böyük əksəriyyəti Bakı şəhərində yerləşir. Belə ki, paytaxtda 345 müəssisə tam fəaliyyətdədir. Bu müəssisələrdə 36 977 uşaq təlim-tərbiyə alır. Bu günədək 345 məktəbəqədər təhsil müəssisəsindən 174-ü iki il ərzində dövlət vəsaiti hesabına tam təmir olunub və təminat məsələsi yüksək səviyyədə həll edilib. Dövlət tərəfindən gün ərzində 4 dəfə yüksək səviyyədə qidalanma menyusu müəyyən edilib verilsə də, təəssüf ki, uşaqlar üçün verilən qidalar daha keyfiyyətsiz və az həcmdə olur. Bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün apardığım araşdırmalardan sonra bu qənaətə gəldim ki, baxçalara olan tələbatı tam şəkildə aradan qaldırmaq üçün 1530 bağçaya ehtiyac var. Bu o deməkdir ki, 1-5-yaşlı bütün uşaqların uşaq baxçalarına cəlb olunması üçün hazırda infrastruktur və resurs yoxdur. Əgər bu yaş hədddinə aid uşaqların valideynləri hamısı eyni vaxtda övladlarının baxçalara getməsini istəsə, ortaya ciddi sıxlıq, xaoik vəziyyət çıxacaq. Bundan başqa, 1-3 yaşlı uşaqlarla işləyə biləcək ixtisaslı kadrların, tərbiyəçilərin ciddi çatışmazlığı mövcuddur.
Bununla bərabər uşaq bağçalarına qəbul zamanı yaranan neqativ halların aradan qaldırılması üçün qəbulu online, elektron xidmətlərin təşkili ilə həyata keçirmək və bu müəssisələrdə çalışanların bilik və bacarıqlarının yoxlanılmasını həyata keçirilmək lazımdır.
Çünki baxçalara qəbul zamanı çox cidi nöqsanlar, əsassız tələblər olurdu. Hesab edirəm ki, bu prosesin elektron qaydada olması neqativ halların sayını azaldacaq. Bir çox hallarda məhz sənəd qəbulunun birbaşa kağız daşıyıcılarla olması direktorların əsassız tələblər irəli sürməsinə gətirib çıxarırdı və yaxın ərazilərdə yaşayanlar övladlarını baxçalara qoya bilmirdilər. İndi isə əlçatımlılıq təmin olunacaq. Danılmaz faktdır ki, bağçalar körpələrin təlim tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır. Lakin kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünya aparıcı dövlətlərlə müqayisədə çox aşağıdır. Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəsüflər olsun ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75%-lik uşaqda bağçalara cəlb olunsun. Dünya təcrübəsindən qeyd edim ki, Amerikanı götürsək, bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür. 2011-ci ildə prezidentin sərəncamı ilə baxçalar Təhsil Nazirliyindən alınıb İcra Hakimiyyəti Orqanlarına verildi. Bundan sonra baxçaların fəaliyyəti diqqətdən kənarda qaldı. Ancaq bizdə bu sahəyə kifayət qədər vəsait ayrılsa, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir. Pərakəndə şəkildə olmamalıdır. İş adamları özəlləşdirmək istədikləri bağçaları standartlara uyğunlaşdırmalıdırlar. Bəzi vaxtlar özəlləşdirilən bağçalar məktəbəqədər müəssisə kimi də fəaliyyət göstərmir. Düzdür, son illərdə ölkədə məktəbəqədər təhsil müəssisələri dünya standarlarına yaxınlaşdırılıb. Amma normativlər - uşaq bağçasının quruluşu, işləmə metodu, idarəedilməsi baxımından isə hələ dünya standarlarına cavab vermir. Bizim məktəbəqədər təhsil müəssisələrinin quruluşu ilə bağlı normativlər sovet dönəmində hazırlanan normativlər əsasında hazırlanıb. Bu gün də o normativlər tətbiq olunur. Bu günün reallıqları da o normativlərlə uyğunlaşmır. Məsələn, məktəbəqədər təhsil müəssisələrinin otaqlarının sahəsi ilə bağlı normativlər var. Tədris otağı 20, uşaq otağı isə 50 kvadratmetr olmalıdır. Doğrudur özəl bağçaları da istər qidalanma, istər tədris dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub. Burda çalışan işçi – tərbiyəçilər uşaqlara daha həssas yanaşırlar. Lakin özəl bağçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlanılması mümkün deyil . Qanunvericilik yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət edib-etməməsini yoxlaya bilir. Təəsüf ki, heç bir qrum baçlarla bağlı yoxlama aparmır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə