Fobiyalardan necə qurtulmaq olar? - BİLMƏNİZ VACİBDİR - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

"Fobiyalar həyəcan, təşviş pozuntularının bir növü olub, insanlarda yaranan çox güclü və öhdəsindən gəlinə bilməyən qorxu hissidir. Çox vaxt insan özü bu qorxu hissinin mənasız olduğunu dərk edir, amma yenə də buna qarşı qoya bilmir və qaçınma davranışları edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Narınc Rüstəmova bildirib.

Onun sözlərinə görə, məsələn, pişiyə qarşı fobiyası olan şəxs onu uzaqdan belə görsə həmin an təlaşa qapılıb, yolunu dəyişəcək və emosional davranışlar göstərməyə başlayacaqdır: "Uşaqlarda fobiyaların yaranma yaşı adətən 7-11 yaş dönəmidir. Kiçik yaşlarından uşaqlarda müəyyən qorxular olur. Məsələn, tək yata bilməmək, qaranlıq qorxusu, çimməkdən, sudan qorxu, yad insanlar gördükdə qorxmaq və s. bunlar yaş artıqdca azalan qorxulardır. Amma fobiya azalmayan əksinə artan, hətta qorxduğu şeyin fikri ağlına belə gəldikdə yaşanan təşviş, qorxu, gərginlik vəziyyətidir. Kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Yaranma səbəbinə gəldikdə isə fobiyalar qorxu yaradan obyektə bir başa məruz qaldıqda və ya kiminsə məruz qalmasına şahid olduqda ortaya çıxa bilir. İnsanda narahatlıq, gərginlik, qorxu, çarəsizlik hissi yaradır. Fiziki olaraq öyümə, ürəkgetmə, baş gicəllənmə, qarın ağrısı, ürək döyüntülərinin artması, tənginəfəslik, titrəmə və tərləmə kimi əlamətlərlə müşahidə olunur. Ən çox rast gəlinən fobiyalara aiddir: qapalı yerdə qalma qorxusu ( klostofobiya), hündürlükdən qorxma, liftdən qorxma, heyvanlarla bağlı qorxular, pişik,it,hörümçək qorxusu, qandan qorxmaq və s.

Əgər fobik vəziyyət insanda 6 aydan çox davam edirsə artıq bir mütəxəssisdən dəstək almaq tövsiyyə olunur. Çünki fobik vəziyyətlərə qarşı götərilən qaçınma davranışları, yaşanan psixoloji və fiziloji əlamətlər insanların gündəlik həyat keyfiyyətini çox aşağı salır.

Psixoterapiyada ən çox koqnitiv davranış terapiyasından istifadə olunur. Bu zaman şəxs mərhələli olaraq addım-addım qorxduğu obyektə məruz buraxılır. Bu zaman ortaya çıxan narahat fikirlər korreksiya olunur. Düşüncə-duyğu-davranış arasındakı körpünü yenidən düzgün şəkildə inşa edirik. Ehtiyac olduğu təqdirdə terapiya prosesində psixonevroloq (dərman müalicəsi) dəstəyindən də istifadə edilir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə