İmtahan qabağı stresi necə azaltmaq olar?

“Ümumiyyətlə, imtahan öncəsi insanların stress, həyəcan yaşaması normaldır. Çünki artıq burada bir məhsuliyyət, üzərimizə götürdüyümüz öhdəlik var”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, əsas qorxu isə “bu öhdəliyin üzərindən gələ bilmərəm, bacarmaram” kimi fikirlərlə qarşı-qarşıya qalmağımızdır: “Anlamaq lazımdır ki, bu həyəcan normaldır. Amma bunun artıq qorxu, ağır, stress formasına gəlməsi normal deyil. Bunların isə ən neqativ formaya gəlməməsi üçün özümüzə suallar vermək lazımdır. Yəni ən pis halda nə ola bilər? Məsələn, “mən imtahanı keçə bilməsəm nə ola bilər?” “İmtahandan kəsiləcəm, kəsilsəm nə olacaq?”
Amma düşünmək lazımdır ki, imtahan vermək nə qədər çətin ola bilər ki?” Həmçinin, bu imtahan qorxusunu da aşmaq üçün öncə bu həyəcanı, qorxunu, baş verə biləcək nəticəni qəbul etmək lazımdır. Məsələn, ən pis halda mən imtahandan kəsilə biləcəyimi qəbul etməliyəm. Eyni zamanda düşünürəm ki, kəsilsəm belə ikinci bir şansım var imtahan verə bilmək üçün. Yəni bu, son deyil, bununla hər şey bitmir və bu mənim biliyimin son göstəricisi də deyil.
İkinci məqam isə hər həyəcan hissi gəldikdə düşünmək lazımdır ki, “mən bu mövzunu oxumuşam və bilirəm”. Bunları xatırlayaraq həyəcandan daha çox mən hazıram prosesinə köklənmək lazımdır. Çünki bir çox tələbələr adətən deyirlər ki, “imtahana son saatlar qalmış artıq heç hazırlaşmamışam kimi hiss edirəm”. Dərhal şüuraltımıza yeritməliyik ki, biz bunu öyrənmişik, bilirik. Bu zaman da biz həyəcandan çıxıb dərsə köklənməliyik. Dediyim kimi qorxumuzu, həyəcanımızı qəbul edirik və bu ehtimalı özümüzdən uzaqlaşdırırıq. Yəni dərhal o fikri uzaqlaşdırmaq deyil də ilk öncə qəbul etmək, daha sonra uzaqlaşdırmaq lazımdır. Buna görə də gözümüzdə böyütdüyümüz hər bir şeyi ilk öncə qəbul etməliyik, daha sonra isə stresdən çıxmağa köklənməliyik. Yəni, ilk öncə bu problemi, həyəcana səbəb olan stresin səbəbini araşdırmalıyıq. Bu zaman da biz öz həyəcanımızı qəbul edə bilsək, artıq onun fəaliyyətimizə mane olmasının qarşısını ala bilərik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə