Dönərxanalara ət haradan gəlir? - VACİB MƏQAMLAR - FOTOREPORTAJ

Dönər Türkiyədən gələn və Azərbaycanda, habelə başqa ölkələrdə yayılmış "fastfood" yeməyidir. Ət layları dönən şişdə hazırlanır. Bəzi hallarda kartof, qışda isə marinadlaşdırılmış pomidor da qoyulur. 2006-cı ildə Azərbaycanda "quş qripi" ilə əlaqədar toyuq ətindən dönər qeyri-tələbatlı olub.

Hazırda ölkəmizdə də dönər insanlar tərəfindən olduqca sevilir. Bir çox qiymətlərə dönərlər satılır. Bunun isə əsas səbəbi dönərlərdə istifadə olunan ətin mənşəyidir. Biz də SİA olaraq bu mövzuda araşdırma aparmaq üçün bir neçə dönərxanaya yaxınlaşdıq. Görək dönərxanalara ətlər haradan gəlir və ümumiyyətlə isə keyfiyyətli dönər necə olmalıdır?


“Boğaziçi” restoranının müdiri Rasim Aslanov: “Bizdə ancaq toyuq dönəri verilir. Toyuqlar isə “Halal nemət, min bərəkət”dən gəlir. Sertifikatımız da, icazə kağızımız da mövcuddur. Qeydiyyatdan keçdiyimiz üçün də ayda bir neçə dəfə gəlib yoxlanış edirlər. Mal ətini isə tantuni üçün istifadə edirik. Amma mal ətini artıq özümüz qəssabdan alırıq. Amma dönəri mal ətindən vermirik. İnsanlar isə daha çox toyuq dönərinə üstünlük verir, nəinki tantuniyə. Bunun səbəbi qiymətinə görə daha sərfəli olmasıdır. Dönərlə bağlı da zəhərlənmə kimi problemlər olmayıb. Tək problem bəzən dönərlərin soyuq verilməsi ilə bağlıdır”.


“İstanbul Dönər House” müdiri Kaplan Kanber: “Dönərlərin ətini dövlət tərəfindən sertifikatı olan firmalardan əldə edirik. İndiyə kimi də ətlərlə bağlı heç bir problem yaşanmayıb. Hətta bizim istəyimiz üzrə ət ədviyyatlanmış, hazır şəkildə göndərilir. Qiymətlər isə toyuq dönəri 2 manat, ət dönəri isə 2.50 olaraq dəyişir. Burada isə çəkisində sadəcə olaraq 80 qr fərq olur. Alıcılar isə toyuq dönərinə daha çox üstünlük verirlər. Bu isə daha çox insanların ağız dadı ilə bağlı olan bir prosesdir. Qiymətlərdə heç bir artım gözlənilmir. Digər yeməklər üçün əti isə “Bravo” marketdən özümüz alırıq”.

“Ocaq” restoranın adminstratoru Musa Hüseynov: “Dönərlərimizin əti “Halal Pak” şirkətindən gəlir. Sertifikatlarımız da mövcuddur. Ətlərin qiyməti bahalaşsa belə bunun dönər qiymətinə təsir edəcəyini zənn etmirəm. Qiymətlər isə toyuq dönər 2 AZN, ət dönər isə 2.50 AZN təşkil edir. Digər yeməklər üçün olan ətləri isə özüm alıram. İnsanlar isə qiyməti daha ucuz olduğu üçün toyuq dönərə üstünlük verirlər. Biz 15 ildir ki, fəaliyyət göstəririk, lakin dönərdən zəhərlənmə kimi hallarla qarşılaşmamışıq. Çünki dönərlərimizin əti gündəlik olaraq gəlir”.

Məsələ ilə bağlı ekspert rəyini də öyrəndik.

“Ümumiyyətlə heyvanların identifikasiyası məsələsi guya nəzəri cəhətdən yerinə yetirilir, amma ortalıqda bir şey yoxdur. Yəni burada söhbət heyvanların izlənməsi məsələsindən gedir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, heyvan dünyaya gəldikdən necə izləniləcəksə, ətin mənşəyi tam izlənmə altında olacaqdır: “Bu hələ 1 faiz də olsun yerinə yetirilməyib. Əlbəttə dönərxanalar əhalinin ən çox zəhərləndiyi yerlərdən biridir. Böyük şəbəkələrdən biridir. Beş il bundan öncə standartları yaradılıb. Lakin bu standartlara demək olar ki, heç kim riayət etmir. Dönərləri təzə ətdən hazırlayıb, mənfi 40 dərəcə şok dondurmadan keçirib, xüsusiləşdirilmiş avtomobillərdə dönərxanalara çatdıran iki müəssisə mövcuddur. Lakin dönərxanaların 1 faizi belə bu şirkətlərdən dönər ətini almır. Belə bir vəziyyətdə əlbəttə dönərxanalar təhlükə mənbəyi olacaqdır. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsi dəfələrlə regionlarda murdar, ölmüş heyvan ətlərini, at, eşşək ətinin mövcudluğunu ifşa edib. Şübhəsiz ki, bunların böyük bir hissəsi dönərxanalara gətirilir. Bunun qarşısını almaq üçün əlbəttə heyvanların identifikasiyası keçirilməlidir. Bu təhlükəli ətlərin dönərxanalara çatdırılmasının qarşısı alınmalıdır.

Təəssüflər olsun ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ətin mənşəyini bilmək üçün əhalidən çox pul istəyir. Əgər AQTA öz laboratoriyaları ilə əhaliyə kömək etmək istəyirsə və təmannasız bunları etməsə əlbəttə biz belə ətlərin qarşısını ala bilməyəcəyik. Ən təhlükəli mənşəyi məlum olmayan ətlər dönərxanalarda realizə olunur”.

Məsələ ilə bağlı iqtisadçı ekspertin rəyini də aldıq.

“Bu çox ciddi bir məsələdir. Bu həm Azərbaycan ictimaiyyətinə, eyni zamanda ekspert camiyəsini narahat edən mövzulardan biridir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, tez-tez eşidirik ki, hansısa ictimai iaşə obyektlərində müəyyən zəhərlənmə halları baş verir: “Hətta bəzən kütləvi zəhərlənmə hallarına belə təsadüf olunur. Bunun səbəbi isə xüsusilə texnoloji tələblərin gözlənilməməsidir. Yəni istehsal, daşıma, logistika, anbarlaşdırma kimi proseslərdə texnoloji tələblərin gözlənilməməsidir. Bunun qarşısını isə təbii ki, almaq olar. Yəni bu dünya praktikasında tətbiq olunan qida təhlükəsizliyinin tətbiq olunması standartları mövcuddur. Məsələn, İSO 22000 standartı var. İSO 22000 standartı qida məhsullarının təhlükəsizliyinin idarə edilməsi sistemidir. Qida müəssisələrində giriş, əməliyyat və yekun nəzarəti təmin etmək üçün nəzərdə tutulmuş bir standartdır. Proseslərin nəzarət altına alınması, ölçü meyarlarının müəyyən olunması, kritik nəzarət nöqtələrinin, operativ nəzarət nöqtələrinin müəyyən olunması, məhsulda təhlükəsizlik parametrlərinin, məhsulda kimyəvi, bioloji və fiziki risklərdən qorunmasını təmin etmək üçün istifadə olunur.

Təəssüflər olsun ki, Azərbaycanda ictimai iaşə obyektlərində texnoloji tələblərə riayət olunmur. Bu da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məsuliyyətində olan bir məsələdir. Belə ki, 2019-2025-ci ildə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət proqramı qəbul olunub. Bu proqramda müəyyən boşluqlar mövcuddur. Amma buna baxmayaraq, həmin proqram bir çox məsələləri özündə əks etdirir. Bu proqramın praktiki olaraq tətbiqinin həyata keçirilməsində müəyyən gecikmələr var. Düşünürəm ki, ictimai iaşə obyektlərində, kafe və restoranlarda bu proqramın tətbiqi eyni zamanda qida təhlükəsizliyi üzrə beynəlxalq standartların tətbiq edilməsi zəruridir”.

Bəs gəlin görək şəhər sakinləri döndər yedikləri halda nəyə önəm verirlər. Qiymətə yoxsa keyfiyyətə?


Şəhər sakini Ruslan Osmanov: “Təbii ki, əsas olan dönərin, xüsusilə də tərkibindəki ətin keyfiyyətli olmasıdır. Buna görə də sadəcə bildiyim, tanıdığım bir neçə yer var ki, yalnız həmin yerlərdə dönər yeyirəm. Daha çox isə toyuq dönəri yeyirəm. Çünki ət dönərində ətin mənşəyi bilinmir. Təxminən həftədə 2-3 dəfə dönər yeyirəm”.

Şəhər sakini Şəhanə Səfərli: “Dönər aldıqda ilk öncə ətin keyfiyyətinə, harada, hansı formada bişirilməsinə diqqət edirəm. Özüm o qədər dönər yeməsəm də, uşaqlar çox sevirlər. Buna görə də dönər alan zaman hər şeyə çox diqqətlə yanaşırıq. Uşaqlar isə daha çox ət dönərini sevdikləri üçün onu alırıq.

Toyuq dönərini isə qətiyyən yemirlər. Dönərlərdən zəhərlənmələrin baş verməsində bəzən satıcılarla yanaşı alıcıların da günahı ola bilər. Xüsusilə də əgər dönər yay aylarında alınırsa. Çünki dönəri yayda alıb biraz çantada saxladıqda, yemədikdə avtomatik olaraq tərkibində olan məhsullar zəhərlənməyə səbəb ola bilər”.

Şəhər sakini Orxan Cavadov: “Dönər aldıqda ilk öncə təmizliyə üstünlük verirəm. Yəni əgər hiss etsəm ki, natəmiz yerdir oradan heç bir formada dönər almaram. Təmizlik dedikdə isə həm məkanın, həm də dönəri hazırlayan şəxsin təmizliyi önəm kəsb edir. Daha sonra isə yeyəcəyim dönər görünüş olaraq da məni qane etməlidir. Hər yerdən dönər alıb yemədiyim üçün də zəhərlənmə kimi hallarla rastlaşmamışam. Bəzi insanlar ət dönərini çox almırlar ki, nə əti olduğu bilinmir. Yəni ən azından toyuq bildiyimiz toyuqdur. Lakin mən buna çox da fikir vermirəm. Daha çox dadına üstünlük verirəm”.

Şəhər sakini Ağca Əhmədova:
“Ümumiyyətlə dönər alarkən qiymətinə fikir verirəm. Çünki qiyməti ucuz olan dönərlərin keyfiyyəti də yaxşı olmur. Bu cür dönərlərin ətinin mənşəyi də bilinmir. Daha sonra isə necə hazırlanmasına təmizliyinə diqqət edirəm. Daha çox isə ət dönərin üstünlük verirəm. Səbəbi isə bəlkə də ağlımızda qalıb ki, toyuq daha tez xarab olur buna görədir”.

Şəhər sakini Rəsul Məmmədov:
“Dönər yeyirəm və əsasən də toyuq dönəri. Amma az halda dönər yeməyə üstünlük verirəm. Hansı ki, gigiyenik qaydalara tam əməl edirlər və heç bir narahatedici faktor olmur. Elə yerlər var dönər hazırlayan şəxs nə əlcək taxır, nə üstü-başı təmizdir. Bu təbii olaraq iyrənc görüntü formalaşdırır”.

Şəhər sakini Jalə Sultanova:
“Dönərdən istifadə eləmirəm, ümumiyyətlə "fastfood" olan heç bir qida qəbul etmirəm və məsləhət də görmürəm. Ziyanlı qidalardır, orqanizmamızı elə şeylərnən niyə korruyaq ki? Əsasən ev yeməklərinə üstünlük verirəm”.

Şəhər sakini Nicat Əliyev:
“Dönər demək olar ki, ən sevimli qidamdır. Dönər aldıqda məkanın görünüşü və səliqəsiz məni razı salırsa rahatlıqla oradan dönər ala bilərəm. Amma metroların üstündə manatlıq dönərlər olur, hansı ki, açıq şəraitdə necə və nə cür hazırlandığı məlum deyil. Əsasən ət dönərinə üstünlük verirəm. Xüsusi bir səbəbi yoxdur, sadəcə daha dadlı olur".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə