Hazıra nazir olmağın kökündə nələr dayanır? - ARAŞDIRMA

Son zamanlar əksər analar qızlarını “Ay qızım oxu, öz ayaqların üstündə dur, kişi lazım deyil” ifadəsi ilə böyüdür. Həmçinin, “ər çörəyi” deyilən bir məsələ də var. Bu ideologiya, əsasən, bölgələrimizdə müşahidə olunur. Belə ki, burada qızların bir çoxu məktəbi bitirən kimi ərə getmək istəyir. Özü özü üçün heç nə etmək isdəmir. Deyir “ər işləsin məni saxlasın”. Bəs, sizcə, ər çörəyi sevən qadınlar haqlıdırlar? Ümumiyyətlə, bu yanaşma nə dərəcədə düzgündür? Bu tip qadınlar uğurlu kişinin yanında əskik qalmırlar? Yəni, hazıra nazir olmağın kökündə nələr durur?

Qadınlar təbiətcə həssas xüsusi varlıqlardır. Onları bu qədər həssas və xüsusi edən bir çox xüsusiyyətləri var. Ancaq cəmiyyətimizi və bir çox cəmiyyətləri nəzərə alsaq, qadınlara kifayət qədər önəm verilmədiyi müşahidə olunur. Ancaq cəmiyyətin varlığının təməlini yenə analıq keyfiyyəti ilə qadınlar üzərinə götürür.

Qadın torpaq kimidir. Sən ək, işlə, zəhmət çək və o sənə çiçək versin. Önəmli olan bu torpaqdan yaxşı istifadə etmək, onun dəyərini bilmək və israf etməməkdir. İnkişaf etmiş ölkələrin sosial həyatına nəzər saldıqda qadınların həm sözdə, həm də qanunda kişilərlə eyni hüquqlara malik olduğu müşahidə edilmişdir. Yəni qadın hüquqları kağız üzərində müqavilə kimi qalmadı. Qadının ən böyük haqqı odur ki, qadın balaca qız ikən təhsil alıb bir peşə sahibi olmalıdır. Qadınların iqtisadi azadlığa malik olması onların yalnız pul qazanması demək deyil. Qadının iqtisadi azadlığı onu hər mənada bir addım öndə və daha güclü edir. İqtisadi azadlığı olan qadın ərinə möhtac deyil, əri də ona iqtisadi təzyiq göstərə bilməz, buna maliyyə zorakılığı deyilir.

Yenə də bədbəxt bir evliliyi varsa, sadəcə, çarəsizlikdən bu evliliyi davam etdirmək məcburiyyətində deyil. Çünki qopduğu yerdən davam etmək gücünə malikdir. İqtisadi azadlığı əlində olan qadın cəmiyyət tərəfindən digər qadınlardan qat-qat yüksək qiymətləndirilir və hörmət edilir. İqtisadi azadlıq qadınlar üçün çətin günlərin xilaskarı olmaqla yanaşı, həm də həyat keyfiyyətini yaxşılaşdıran bir vəziyyətdir. Məsələn, işləyən qadının malik olduğu şey ərinə ehtiyacı olan qadının malik olmadığı ilə bərabər deyil. Hətta işləyən qadın uşaqlarının ömürlük imkanları da bura daxildir. Bundan əlavə, iqtisadi azadlığını ələ keçirmiş qadınların övladlarının digər qadınlara nisbətən xeyli aktiv və ünsiyyətcil olduğu, özlərinə inam probleminin olmadığı müşahidə olunub.

Nəticə etibarı ilə qadınların iqtisadi azadlığı onların həyatına təqdim edilən ən böyük nemətdir. Əslində, böyütdükləri övladları nəinki onların yanında qalır, həm də bu nemətdən öz paylarını alırlar. Cəmiyyətin qanayan yarası olan qadına qarşı zorakılıq qadınların iqtisadi azadlığını müəyyən qədər məhdudlaşdırır. Bu səbəbdən ailələrin ən böyük vəzifəsi nəyin bahasına olursa-olsun qız övladlarını savadlı, peşə sahibi etməkdir. Bu, həm cəmiyyətə gətirdikləri fərd, həm də övladlarına qoyduqları ən böyük miras olacaq.

Məşhur türk yazıçı Səma Maraşlı, mövzu ilə bağlı bir açıqlamasında bunları qeyd edib: “Əvvəlki nəslin qadınlarının çoxu ev işləri ilə məşğul olmağı qadınlıq hesab edirdi. Onlar qadın olmaq üçün ev təmizləmək, yemək bişirmək, paltar yumaq, ütüləmək və s. anlayışlarla böyüyüblər. Bunlar təbii ki, lazımsız işlər deyil, qadın olmağın bir parçasıdır, amma qadın olmaq bu deyil.

Əvvəlki nəslin qadınları bütün bunları etdikləri halda niyə ərlərinin gözündə bir nömrə olmadıqlarını anlaya bilmirdilər və özlərini lazımınca qiymətləndirilməyən bir xəzinə kimi gördüklərinə görə, onların çoxu həyatlarını ərlərinə qəzəblə keçiriblər. Əgər onlar özləri çalışıb pul qazansaydılar, ərlərini tərifləməzdilər və kədərlənməzdilər. Çöldə işləməyin çətinliklərini bilmədiklərindən həmişə daha yaxşı olacağını düşünürdülər. Onlar özlərini övladları uğrunda əzab çəkən məzlum, incidilmiş qadınlar kimi görürdülər.

Ərin də əzab çəkdiyini, içində qadın tapmamağın kədərini, məyusluğunu və bəzən qəzəbinin partladığını başa düşmürdülər. Kişinin anasının gördükləri ev işlərini gördüyünü, kişinin bu səbəbdən evlənə bilməyəcəyini, kişinin qadından fərqli gözləntiləri olduğunu düşünə bilməzdilər. Onlar özlərini mükəmməl qadın hesab edirdilər və belə qadınlara qiymət verilmədiyi üçün qızlarını onlar kimi böyütməməyə qərar verdilər.

Onlar qızlarını özləri kimi böyütmədilər. Qızlarına iş tapşırmadılar. Oxuduqları müddətdə analar ətraflarında divanə oldular. Hətta öz əlləri ilə meyvə doğrayıb qabıqlarını da soyub uşaqlarına yedizdirdilər. Onların çoxu ev işlərindən də başa düşmürlər. Qız və oğlan uşaqlarını yetişdirərkən fərq qoymamağı öyrəndilər. Bu səbəbdən də indiki qızlar qadın olmağı təhsilli və karyera sahibi olmaq və kişidən asılı olamamaq kimi anlayır.

Bu tip qadınlar ərləri ilə mədəni danışıb xoşbəxtlik əldə etmək istəyirlər. Amma bu, mümkün deyil, çünki savadlı və işləyən qadınlar bilmədən ərləri ilə yarışır, hakimiyyət davasına girirlər”.

SİA məsələ ilə bağlı araşdırma apararaq psixoloq, sosioloq və şəhər sakinlərinin fikirlərini öyrənib.

Sosioloq Əhməd Qəşəmoğlu: “Bu dəqiqə bizim cəmiyyətin ən böyük problemlərindən biri odur ki, biz qəbul etmək istəmirik ki, indiki cəmiyyət 30 il öncəki cəmiyyət deyil. İndi cəmiyyət olduqca mürəkkəbləşib, məzmunu dəyişib, insanlar xeyli həssaslaşıb.

Əvvəlki cəmiyyət müəyyən qədər qapalı idi. Əvvəllər dünyadan o qədər də məlumatlı deyildik. Öz cəmiyyətimiz və ona məxsus xüsusiyyətlərimiz var idi. O vaxtkı ailələrlə indiki ailələr tamamilə fərqlidir.

Əsas məsələ isə necə edək ki, indi də bizim gözəl bir ailəmiz olsun? Ailənin əsas funksiyalarını müəyyənləşdirmək lazımdır. Ailənin konkret olaraq qarşısında duran vəzifələr var.

“Ər çörəyi” sözü 30-40 il öncə çox gözəl səslənirdi. Ailənin qorunmasında, bütövlənməsində, ailə qarşısındakı məsuliyyətdə çox gözəl ifadə idi. İndi isə bu söz 30 il öncəki ilə eyni anlamı daşımır. İndi cəmiyyət dəyişib. Təkcə gözünü ər çörəyinə dikmək ailədə mühüm rol oynamır. Çünkü ailələrin çoxunun xarakteri də dəyişib. Burada artıq yeni cəmiyyət, yeni münasibətlər və yeni məsuliyyət bölgüsü var. Ona görə də “ər çörəyi” sözünü tənqid etməməliyik”.

Psixoloq Vüsalə Əmiraslanova: “Bu ideologiya ilə təkcə bölgələrdə yox, həmçinin şəhərdə yaşayıb düşünən də xeyli insan var. Bu, əslində, ailənin öz daxili qaydalarına bağlı bir şeydir. Məsələn, valideynlər hansı düşüncədə olurlarsa, övladlara da o düşüncələr keçir. Yəni, öz fikirlərini övladlarına ötürürlər.

Məsələn, bizim ailələrdə həmişə belə tərbiyə olunub ki, oğlan işləməli, ailəyə qulluq etməli, oğlan valideynlərinin yanında qalmalı və qız isə köçüb getməlidir. Yəni, qız müddətli ailədə qalır. Ona görə də ailələrin əksəriyyəti düşünür ki, qız köçüb gedir və onun üzərində çox əmək sərf etməyək, təhsili ilə maraqlanmayaq və s. Buna görə də qıza tam ailənin üzvü kimi yanaşmırlar. Əgər ailə düşünsə ki, qız ailə qura da bilər, qurmaya da bilər, yoldaşı ilə ayrıla da bilər, yoldaşı rəhmətə də gedə bilər və s. mütləq qızına ilk növbədə savad verər.

Bəzən isə təhsili də cehiz üçün verirlər. Diplomu qoyurlar cehizin üzərinə və qızlarını köçürürlər. Bu, çox yanlış düşüncədir. Amma əsas məsələ, öncə əziyyət çəkib sonra rahatlığa çıxmaqdır. Yaxşı təhsil almış, dünya görmüş kişilər “ər çörəyi” arzusunda olan xanımlarla çox çətin yola gedir. Buna görə də ailələr dağılır. Uğurlu bir kişi üçün yanında uğurlu xanımın olması lazımdır. Amma çox təəssüflər olsun ki, bəzi ailələr də uğurlu qadını qəbul edə bilmir. Düşünürlər ki, o, ailəni idarə edə bilməyəcək və evdar deyil. Bu, yenə də baxış bucağından asılıdır. Hər bir insan özünə uyğun insanla ailə qurmalıdır ki, onların ailələri möhkəm olsun. Düşünürəm ki, insanın özünün də əli çörəyə çatmalıdır, qadın özü də qazanmalıdır ki, gələcəkdə ailəsi və uşaqları əziyyət çəkməsin”.

SİA araşdırma barəsində şəhər sakinlərinin də fikirlərini öyrənib:

Şəhər sakini Ləman İdrissoy: “Fikrimcə, “ər çörəyi” bir çox gənc üçün müstəqil həyata atılmağın ən asan yoludur. Fikir vermisinizsə hər kəs pulu, maşını, evi olan kürəkən, ər axtarır. Qızlarımız əziyyət çəkmədən hər şeyin hazırını əldə etmək istəyirlər. Bunun da səbəbi həmin insanların yetişdirildikləri ailələrdə əksərən qadınların evdar olması, evdəki ən çox və bəzən yeganə qazanc sahibinin isə kişilərin olmasıdır. İndiki dövrdə istər rayon, istərsə də şəhərdə qız uşaqları elə tərbiyə olunur ki, ər onlar üçün çıxış yolu kimi göstərilir. Məsələn, qız bir paltarı geymək istəyir və valideyn buna etirazını, bəzən “indi atan qoymaz, ərə get ərin qoyar geyərsən” və bu kimi başqa cümlələrlə bildirirlər. Gətirdiyim misal təkcə geyim mövzusunda deyil, bir çox mövzuda aktualdır. Bir digər səbəb isə təhsilin qızlar üçün ailələrdə az təmsil olunmasıdır. Günümüzdə bir çox valideynlər qız övladlarının təhsil alması üçün heç bir maddi, yaxud mənəvi dəstək göstərmirlər. Səbəb kimi isə qızın ailə quracağını və həyat yoldaşının qazancının yetəcəyini, yaxud da ailə qurduqdan sonra əldə etdiyi gəlirin onlara bir aidiyyatı olmadığını göstərirlər. İsənilən halda istər qızlarımız, istərsə də oğlanlarımız təhsil almalı və öz ayaqları üzərində durmağı bacarana kimi ailə həyatı qurmamalıdırlar. Xüsusilə, qız uşaqlarına zamanında ər yerinə kitablar təbliğ olunsa, o zaman həm cəmiyyət, həm də ölkə inkişaf etmiş olar”.

Şəhər sakini Aytac Əliyeva: “Mən düşünürəm ki, bu, əslində, çox aktual və mühim mövzudur. Keçmiş zamana nisbətən bu cür düşüncə tərzinə sahib insanlar nisbətən azalsa da, hələ də bəzi bölgələrdə, eləcə də şəhərlərdə bu düşüncəyə sahib insanlar kifayət qədər var. Mənim fikrimcə, bu düşüncə tərzi qızların şəxsi düşüncə tərzi deyil, ümumiyyətlə, insanın düşüncə tərzinin formalaşmasında ailənin rolu çox böyükdür. Ailə və ətraf mühit qızların düşüncə tərzinə çox təsir edir. Bu cür mühitlərdə insanların manipulyasiyalarına məruz qalaraq böyüyən qızların düşüncələrinin bu tərzdə olması, əslində, çox da təsadüfi deyil. Mənim düşüncəmə qalsa, bu, çox yanlış düşüncədir və hər bir insan olduğu mühitdən asılı olmayaraq öz düşüncələrini özü formalaşdırmağı bacarmalıdır. Texnologiya və internet dövründə yaşayırıq, xarici ölkələrində texnologiya cəhətdən bu qədər inkişaf olduğu halda hələ də bəzi bölgələrdə bu cür düşüncələrin olmasın, qızların öz gələcəklərini və təhsillərini düşünməməsi, həqiqətən də, çox üzücü nüansdır. Hər bir xanım öncə təhsil almalı, aldığı təhsillə və ya təhsildən asılı olmayaraq hər hansı bir sahəyə yönəlməli və öz ayaqları üzərində durmağı bacarmalıdır. Müəyyən zaman içində ailə həyatı quran xanım özünə həyat yoldaşı tapır, özünü kiməsə "saxlatdırmaq" məqsədi ilə qurulan ailələrdə doğulan uşağların şəxsi və psixoloji inkişafında hər zaman problemlər olur. Bu düşüncə tərzinə sahib xanımlar təkcə uğurlu kişi yox, hər insanın yanında əskik qalır”.

Şəhər sakini Gülnar Əliyeva: “Məktəbi bitirən kimi ailə quran qızların taleyini ailə cızır. Yəni, ailə bunu edir. Uşaq yaşlarından qızların başına bu fikirlər ötürülür. Qızlara az yaşından etibarən cehiz yığmaq əvəzinə, ona oxumağın, təhsilin, heç kimə möhtac olmamağın önəmini anlatmaq lazımdır. Bütün qadınlar işləməli və əllərində sənətləri olmalıdır. Amma bu, o demək deyil ki, evdə qadın da işləyirsə, o, hökmranlıq edərək ərini əzsin. Bu, düzgün deyil. Sadəcə, fərd olaraq həm qadının, həm də kişinin çalışıb işləməsi daha yaxşıdır. Heç kim sabahından qarantilənməyib. Qadınlar işləməli, təhsil almalıdır. Ər çörəyi yox, əl-ələ verib çörək yemək lazımdır”.

Şəhər sakini Ülkər Xəlilli: “Ər çörəyi? Mənim fikrimcə, bu cür düşünən insanların həyatda başqa məşğuliyyətləri, fəaliyyətləri olmadığı üçün elə düşünürlər. Məqsədləri olmalıdır. Ali təhsilə önəm verməlidirlər məncə. Versələr belə olmaz, həm də ailədən də çox şey asılıdır. Ailə məncə yönəltməlidir övladlarını, qızlarını ali təhsilə. Düzgün yanaşma tərzi deyil. Kiməsə möhtac olmamalıdırlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə