Qız dünyaya gələn kimi cehiz hazırlıqları başlayır. İllərdir "ay, özünü qoru, oğlanlarla gəzib tozma, adın çıxmasın" deyə böyüdülən qızın başı, “Get, birini tap və evlən" sözləri ilə yeyilir. Bunların heç biri alınmadıqda isə görücü üsuluna müraciət olunur ki, təki qız evdə qalmasın.
Çünki bizdə düşünülür ki, evlənmək uğurun ölçüsüdür. Bu, qızın layiqli, vicdanlı, seçilən bir insan olduğunu göstərir. Biz düşünürük ki, bir qızın evlənmək istəməməsi normal deyil. Kişi evlənmək istəməyə bilər. O zaman adı “subay” olur. Amma qız evlənməsə, daha doğrusu, evlənə bilməsə, öz seçimini edə bilməz. Mütləq "evdə qaldı" damğası vurulur.
Günümüzdə “evdə qalmaq”, sadəcə, qızlara şamil olunur. Bir az yaşı keçən kimi “evdə qalmısan” kimi mənfi fikirlər səsləndirilir. Gec evlənmək səni bəyənən birinin olmadığını göstərmir. Bu, ondan irəli gəlir ki, ola bilər xanım ona elçi çıxan şəxsləri bəyənməsin və yaxud da bu məsələdə çox seçici olsun.
Bəzi xanımlarda isə yaş irəlilədikcə və ona elçi çıxmadıqca panika yaranır. Onlar daim qorxu içində olurlar. Bu, onların ailəsindən də asılıdır. Elə ana-ata var ki, qızını evlənmək üçün məcbur edir. Onun “evdə qalma”sının fikrini çəkir və yaxud da narahat olur. Yəni, bəzi valideynlər bu hallardan utanır ki, “bəs, mənim qızımı alan yoxdur”.
Oğlan olmağın avantajı budur ki, onlar bu məsələlərdə qızlar qədər sıxışdırılmır. Onların üzərinə bu qədər gedilmir. Günümüzdə kifayət qədər 40-45 yaşlı kişilər var ki, evlənmək üçün 20-21 yaşlı qız axtarışındadır. Qızın yaşı bir az keçən kimi, sanki onu bəyənmirlər, istəmirlər kimi bir düşüncə var.
Sosial təzyiq belə olduqda, ən müasir yeniyetmə qızlar belə erkən yaşlarında evdə qalmaqdan qorxmağa başlayırlar. Dili istədiyi qədər başqa şey söyləsin, ürəyi başqa bir şeyi pıçıldasın. Mütləq evlənəcək… Evlənməsə, deyəcəklər ki, “bax, filankəsin qızı da getdi, amma sən qaldın”.
Bu qadınların seçiciliyini sıxışdıran və onları "təki ər olsun, palçıqdan olsa da olar" deməyə məcbur edən cəmiyyətin təzyiqidir. Bir çox qadın, evdə qalmaq qorxusundan "mən bu adamla yola gedərəmmi, yoxsa getmərəmmi?" demədən evlənmək qərarına gəlir. "Bu adamı həqiqətən sevirəmmi?", “Sevgisiz başlayan bir evliliyin xoşbəxt davam etməsi necə mümkündür?” suallarını qızlar özlərinə vermir.
Kişilər də axmaq deyillər. Sizcə, bu vəziyyəti hiss etmirlərmi? Gənc qızlar şikayət edir ki, “Aylardır bir yerdəyik, hələ evlənmək barədə danışmayıb. Bu məsələni açdıqda isə "evlənməkdən qorxuram" deyirlər və "bu münasibət hara qədər davam edəcək?" deyə soruşurlar. Məsələni bir az araşdıranda, bəli, ətrafındakı pis evliliklərdən qorxan kişilər var, evlilikdə bir problem varsa, boşanmağı dünyanın sonu olaraq gördükləri üçün evlilikdən uzaq hiss edən kişilər var. Ancaq kişiləri ən çox qorxudan şey tələyə düşməkdir. Qadının onu həqiqətən sevdiyinə inanmayan kişi, onun dərdinin özü olduğunu yox, yalnız evlənmək olduğunu düşünür, təbii olaraq daha çox qorxur.
Deyək ki, kişi bu vəziyyətdən ayılmadı, qadını çox sevdi və evləndi. Öz qərarından əmin olmayan bir qadın, sevgisindən o qədər də əmin olmayan bir kişiyə nə qədər dözəcək? Evlilik oyun-oyuncaq və toz-pəmbə həyat deyil. Yaxşı günləri də var, pis günləri də. Mübarizələri var, çətinlikləri var. Pul xərcləmə vərdişlərinizdən ailələrlə əlaqələr məsafəsinə, uşaq tərbiyə üsullarınızdakı fərqdən evdəki iş bölgüsünə qədər hər şey evlilikdə problem yarada bilər. Sevgi güclü olacaq ki, bu çətinliklərin öhdəsindən gəlmək üçün gücünüz olsun. Əks təqdirdə, "həvəsim yoxdur, imtina etdim, oynamıram" demək uşaq işidir.
Cütlüklərin yaxşı münasibət qurduqdan sonra evlənməyə qərar vermələri asan görünsə də, sevgi və ehtirasın şiddəti ilə evliliyə hazırlıq və evlilikdən sonra uyğunlaşma prosesi bəzən çətin ola bilər. Evlənməyə qərar verən cütlüklərin bəzi məqamlara diqqət etmələri lazımdır.
Evlilikdə düşündüyünüzdən daha çox məsələ gündəmə gəlir. Evlilik qərarı ilə ailələrlə görüşmək, mərasim təşkil etmək, paltar alış-verişi və yeni ev qurmaq kimi məsələlərdə cütlüklər evlilik anlayışından uzaqlaşırlar. Vəziyyəti hər şey bitdikdən sonra başa düşürlər, toy tamamlanır və eyni evdədirlər.
İki insan eyni evi, eyni həyatı paylaşmağa və yepyeni bir həyata başlamağa başladıqda, bəzən bu cütlüklərdə panikaya səbəb ola bilər. Əslində tərəflər "Nə etdim?" deyə hətta özünə sual da verir. Bir çox cütlüyün evləndikdən sonra yaşadıqları uyğunlaşma prosesi mütəxəssislər tərəfindən normal qəbul edilir.
Münasibət əsnasında bir çox cütlük ayrı evlərdə yaşayır və tərəflər bir-birinin ev vəziyyətinə şahid ola bilməzlər. Nəticədə, cütlüklər evləndikdən sonra eyni evə girəndə həm yeni evə uyğunlaşmaqda, həm də birlikdə yaşamaqda çətinlik çəkirlər.
Evlənməyə alışmaqda çətinlik çəkən insanlar depressiya, çaxnaşma, ağlama, iştahsızlıq, cinsi istəksizlik və peşmançılıq kimi problemlərlə qarşılaşa bilərlər. Bütün bunlar cütlüklər arasındakı ünsiyyəti pozur.
SİA məsələ ilə bağlı araşdırma apararaq psixoloq və sosioloqların fikirlərini öyrənib.
Sosioloq Rəşad Əsgərov: “Xüsusilə gənclər, yəni qadın cinsinə mənsub olanlar arasında belə bir fikir yaranmışdı ki, əgər onlar oxusalar, maariflənsələr müəyyən müddətdən sonra evlənməyə, nikaha girməyə özlərinə münasib adam tapa bilməyəcəklər və yaxud da ki, nikaha girmək arzusunda olduğu insanlar həmin dövrdə artıq evlənəcək, ailə yiyəsi olacaq və bunlar müəyyən qədər problemlərlə üzləşəcək.
Burada da o problemin həlli yolunda ya ikinci evliliyə cəhd edənlərlə evlənmək, yaxud da ki, müəyyən qədər artıq seçmək şansının olmaması və s. bu kimi məsələlər gündəmə gəlirdi.
Amma son dövrlərin statistikasına baxdıqda isə, bu məsələlər artıq o qədər də trendə çevrilmir. Çünki indi əksər insanlar xüsusilə də təhsil müəssisələrinin, həm özəl, həm dövlət təhsil müəssisələrinin, həm də orta-ixtisas peşə məktəblərinin sayının artması valideynlərin uşaqlarının evləndirəndən sonra maarifləndirib, oxudub, müəyyən peşə, ixtisas sahəsinə yiyələndikdən sonra öz ailə-məişət məsələlərini, nikah məsələsini həll etməyə yönəldir. Bu, belə olan halda da həm oğlanlar, həm də qızlar arasında nikah yaşında müəyyən qədər artım baş verir, yəni, əvvəlki dövrdə tutaq ki, 15-16 yaşında, hətta qanunvericiliyin icazə vermədiyi halda belə nikaha cəhd edənlər çox idisə, bu məsələlərdə müəyyən qədər yaş ortamında orta göstəricilərdə artım baş verdi.
İkinci bir tərəfdən isə nikah haqqında qanunvericiliyə görə 18 yaşın həm hər iki cinsin nümayəndələri üçün evlilik yaşı kimi qəbul olunması və dövlətin hüquq-mühafizə orqanlarında bu yaşdan aşağı evliliyə cəhd edənlər və yaxud da nikaha girənlərə qarşı mübarizə tədbirlərinin genişləndirilməsi, xüsusilə də, azyaşlıların nikahı ilə bağlı valideynlərinin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi məsələlərinin daha geniş yayılması bu sahədə olan boşluğu doldurdu.
İndi əvvəlki dövrdən fərqli olaraq tutaq ki, rayon yerlərində, hətta uzaq kənd yerlərində belə 20-21-22 yaşında ailə qurmayan qızlara evdə qalmış kimi və yaxud da evdə oturmuş kimi sözlər deyilmir. Çünki nikah yaşı yuxarı qalxdıqda tutaq ki, 23-24-25 yaşında nikaha girənlərin sayı dinamikasında son illərin göstəricisində daha çox artım var. Ona görə də artıq onlara normal yanaşma var. Amma 20-25 il bundan əvvəllə biz müqayisə etsək, bəli, onda artıq kənd yerində qız uşağı 19-20 yaşda ailə qurmayıbsa, onu insanlar nəysə qəribə baxışlarla ictimai qınaqla yanaşırdılar və evdə qalmış kimi və yaxud da “nə vaxt evlənəcəksən?” “sən bu yaşa qədər ailə qurmamısansa, ərə getməmisənsə sənin ərə getmək və yaxud ailə qurmaq, nikaha girmək şansını itirirsən” kimi sözlər deyilirdi.
İkinci bir məsələ oğlanlara münasibətdə daha çox özünü göstərirdi. Xüsusilə də, toy mərasimlərində yaşı 25-26, hətta 27 yaşında olan insanlara el deyimi ilə desək, tay-tuşları, yaxın ətrafı nə vaxt tərpənirsən. Sanki tərpənməz vəziyyətdə qalmısan, tərpənmək burda adətən, nikaha girmək kimi, nikah prosesinə qoşulmaq kimi işlənilir. Digər bir tərəfdən ictimai qınaq da vardır ki, əgər 25-26-27 yaşa qədər evlənməyibsə, yəni, əsas orta göstəricilər baxımından biz bunu deyirik və orda belə bir yanaşma yaranırdı ki, guya problem var, nə isə xəstəlik var, nə isə başqa bir hal var. Amma son dövrlər o məsələlər o qədər də gündəmdə deyil. Həm oğlanların nikah yaşında, həm qızların nikah yaşında o deyilən yaş müstəvisi, yaş dərəcələri artmışdır və artıq hətta müəyyən qədər karyera qurub 26-27-28 yaşında nikaha girən qızların sayında da müəyyən qədər artım var və aydın məsələdir ki, həmin yaşda olanlar, xüsusilə də, ziyalı təbəqəsi ilə oxumuş və yaxud da ki, müəyyən qədər peşə və ixtisaslara yiyələnmiş insanlarla ailə qurmağa üstünlük verirlər. Düşünürəm ki, onların ailələri də daha çox uğurlu olur”.
Psixoloq Vüsalə Əmiraslanova: “Əslində, qızların gec ailə qurmasının səbəbi öz yaşıdları ilə bunun çox müzakirə olunması, tez ailə quran, erkən nikahda olan qızlarda böyük problemlərin olması, ailələrinin dağılması, ailədə olan şiddət, zorakılıq və ümumiyyətlə, sosial şəbəkədəki paylaşımlar bunların hamısı qızlarımıza təsir edir.
Əgər onlar öz analarını tam xoşbəxt görə bilmirsə, o zaman o da ailə qurmaqdan qorxur və yaxud da özünü təhsilə həsr etmək istəyirsə, təhsillə məşğul olmaq istəyir. Ümumiyyətlə, hər şeydə kompromis olmalıdır. Valideynlər də uşağın birinci oxumaq, gəzmək, başqa tələbatlarını ödədikdən sonra ailə qurdura bilərlər. Çünki ailə qurub ailəsinin dağılmasını görməkdənsə, düzgün vaxtında və daha xoşbəxt ailəsinin olması daha yaxşıdır.
Əslində, heç kim heç kimə evdə qalmış damğasını vura bilməz. Çünki bu şəxsi seçimdir, kim istəyir özünü karyerasına, kim istəyir ailəsinə həsr edir. Amma biz bir cəmiyyət olaraq milli dəyərlərimizi qoruyuruq və insanlara təbliğ edirik ki, ailəniz olmalıdır. Çünki hər bir xanım ana olmalı, hər bir xanımın gözəl bir ailəsi olmalıdır. Bunun üçün uşağımıza birinci təhsilli, sonra ümumi psixoloji cəhətdən yaxşı təsir etməliyik ki, özü ailə qurmaq qərarına gəlsin”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə