Qarabağın qala qapısı - azad Füzulim - MƏQALƏ

1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Rayonun sahəsi 1386 kvadrat km, əhalisi isə 105000 (bir yüz beş min) nəfərdir. İşğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 78 kənd vardı. Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, şəhər tipli Horadiz qəsəbəsi, Böyük Bəhmənli, Horadiz və Qacar kəndləri olmuşdur.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 663 nəfər şəhid, 181 nəfər itkin və girovu, 1240 nəfər müxtəlif dərəcəli əlili var.

05 yanvar 1994-cü ildə ümummilli lider Heydər Əliyevin qətiyyəti və əzmi sayəsində rəşadətli Azərbaycan ordusu tərəfindən Füzulinin işğal olunmuş 21 kənd və Horadiz qəsəbəsi işğaldan azad edildi.

Füzuli rayonunun çoxşaxəli aqrar potensialı var. İşğal nəticəsində rayonun sərvətləri düşmən tərəfindən talan edilib, kənd yerlərində təsərrüfatla məşğul olan əhali məcburi köçkün vəziyyətində ölkənin digər şəhər və rayonlarında məskunlaşmağa məcbur qalıb, yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri darmadağın edilib

İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazibütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Füzuli də var.

44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan əsgəri oradan keçə bilməsin. Eyni zamanda, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı.

44 günlük Vətən müharibəmizdə əldə etdiyimiz tarixi zəfəri şərtləndirən bir sıra mühüm əhəmiyyətli amillər var ki, onların da başında hər şeydən öncə lider və insan faktoru dayanır. Azərbaycanın müdrik Prezidenti, müzəffər Ali Baş Komandanı ilə yanaşı, onun bir əmri ilə özünü odun-alovun üzərinə ataraq torpaqları almağa hazır olan minlərlə vətənpərvər gəncinin də olduğu isbat edildi. Bütün bunlar qələbəmizi təmin edən əsas şərtlərdən idi. Elə ölkə başçısının Füzuli səfəri zamanı diqqət çəkən incə nüanslar da bu amilləri bir daha ortaya qoydu.

Müharibədən bir il keçsə də, Azərbaycan dövləti artıq böyük quruculuq işlərinə start verib. Əslində elə torpaqlar azad olunan kimi ərazilərdə müəyyən bərpa və quruculuq işlərinə dərhal başlanmışdı. Amma indi daha böyük quruculuq işlərinin şahidi oluruq. Prezidentin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərinin qoyması tarixi hadisədir.

Çünki Füzuli Azərbaycanın, o cümlədən Qarabağın qala qapısıdır. Axı, 30 ilə yaxındır bağlı qalan bu qalalar məskəninin qapısını məhz Ali Baş Komandanımız açdı. İlham Əliyevin yazdığı tarix həmişə möhtəşəm idi, amma indi daha da əzəmətlidir! Qarabağı Azərbaycana qaytaran Sərkərdəyə millət olaraq borcumuz, şükranlığımız isə əbədidir... Qələbəmiz, Zəfərimiz mübarək! Füzuli Qarabağ, Qarabağ Azərbaycandır!

Natavan Hüseynli

Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə