Qurbanlıqda edilən yanlışlar - DİN XADİMİ DETALLARA TOXUNDU

“Təbii ki, Qurban bayramı da bizim müqəddəs bayramlarımızla eyni səviyyədə Ramazan bayramı kimi dəyərli və qiymətli bayramlardan biridir. İslam aləmində iki bayram mövcuddur: Ramazan və Qurban bayramları. Bu bayramlar özünəxas şəri qaydalarla gözlənilir və onlara riayət olunur”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, Qurban bayramı ictimai bir bayramdır: “Yəni, bu bayrama kütləvi olaraq insanlar qoşulur, xüsusən də ehtiyacı olanlar, imkansızlar bu bayramda axtarılır və onlara diqqət yetirilir. Ona görə bu bayramın bizim boynumuzda haqq olaraq tələbləri vardır ki, biz onlara riayət etsək daha gözəldir. Bayramda qurbanın kəsilməsi, yəni öz şəhərində, öz məntəqəsində yaşayan insanlar üçün vacib deyil. Bu sadəcə olaraq sünnəti məkkətdir. Elə bir yaxşı əməldir ki, o dinimizdə tələb olunur, yəni gücü olan, qüvvəsi olan, qüdrəti olan, maddi imkanı olan insan qurban kəsməlidir. Əgər kəsməsə sanki Allahla öz arasında olan o bağlılığı sübut edə bilmir, yəni göstərmir. Qurban bayramı günündə hər bir insanın boynunda olan haqq var. Haqq nədən ibarətdir? O birinci sübh açılandan sonra günəş çıxmasını ki hiss etdisə, artıq qurbanın kəsilməsinə başlaya bilər. Yəni Qurban xırdabuynuzlu heyvandan başlayaraq, dəvəyə kimi kəsilə bilər. Xırdabuynuzlu heyvanların yaş həddi gözlənilməli, heyvan kök, sağlam olmalı və bacarılan qədər o tələblərə uyğun gəlməlidir ki, onun bədən üzvləri nöqsanlı olmasın”.

Hacı sözlərinə belə davam edib: “Xırdabuynuzlu heyvanlardan qoç, qoyun, keçi kəsilə bilər və xüsusən də burada erkəklərə önəm versələr daha yaxşıdır. Dişilər nəsilləri artırır və bir sürüdə bir neçə erkəyin qalması kifayət edə bilir. Yəni, erkək heyvanların seçilməsi daha məqsədəuyğundur. İribuynuzlu heyvanlardan öküz, dana kəsilə bilər və bir də bundan yüksək dəvənin kəsilməsi qəbul olunur. Xırdabuynuzlu heyvanların, yəni keçinin, qoyunun, qoçun yaşı 8 ayı keçməlidir. 1 il olsa daha gözəldir. İribuynuzlu heyvanlardan öküzün, dananın yaşı bir ildən yuxarı olmalıdır, iki ilə qədər də ola bilər. Hətta, iki ili də keçə bilər, fərq eləməz. Amma dəvənin yaşı mütləq beş il olmalıdır. Beş yaşdan kiçik dəvə kəsilməməlidir və kəsilən heyvanlar 3 hissəyə bölünür. 3 hissədən bir hissəsini insan özü öz ailəsinə sərf edə bilər, qalan 2 hissənin bir hissəsini öz yaxın qohum əqrəbasında olan yoxsullara, kasıblara bölməlidir, o biri 3 - cü hissəni isə öz qohum əqrəbasından kənar olan insanlara, kasıblar və fəqirlərə paylamalıdır. Payı verdiyi zaman da o dərəcədə pay bölgüsü etməlidir ki, o insanların qazanında qaynayanda həmin ailəyə kifayət edə bilsin”.

“Bəzən də sual olunur ki, məsələn, bu xırdabuynuzlu heyvanlara qədər olan məişətdə saxladığımız quşlardan hind toyuğu, xoruz və s. qurban olaraq kəsilə bilərmi? Xeyr, dinimizdə onlardan qurban kəsilməsi tələb olunmur. Amma bəzən qurbanda bəzi insanlar istəyir nə isə etsin. Bu onların qəlbinin təsəllisidir. Amma maddi durumu normal olmayan insanların qurban kəsməsi vacib deyil. Onlar dua edərlər, namaz qılarlar və bacardıqları savab işlərlə məşğul olarlar. Bu qurbanlığın şərtlərindəndir”.

“Bir də imkanı olan insanlar Qurban namazı, bayram namazı qıla bilərlər. Adətən bayram namazları əhali ilə bir yerdə açıq səma altında qılınsa daha gözəldir. Amma şərait olmayanda məscidlərdə qılınır. İnsanlar öz evlərində də Qurban namazı qıla bilərlər. Biz pandemiya dövrü yaşayırıq. Keçən il də bu bayramı pandemiya şəraitində keçirdik. Çünki kütləvi yığışma qadağan idi. Çox insanlar bir yerə yığıla bilmir. Məscidlərdə 50 nəfərlə namazlar təşkil olunur. Bacarılan qədər bu qaydalara riayət olunmalıdır. Şükürlər olsun ki, Bakıda, Sumqayıtda, Abşeron rayonunda kəsim məntəqələri təyin olunub. İcra hakimiyyətləri, Qida Təhlükəsizliyi Agentliyi və Baytarlıq buna nəzarət edir. Kəsilən heyvanlar baytarlıq nəzarətindən keçirilməlidir ki, sonradan xəstəliklər yayılmasın, başqa fəsadlar olmasın və növbəLəri gözləməlidirlər. Qurbanlıq mütləq qurbanlıq günü kəsilməlidir”.

“Bir də sual oluna bilər ki, insan qurban payını pul və ya ərzaq şəklində kasıblara paylaya bilərmi? Xeyr, şəriətimizdə və dinimizdə buna icazə yoxdur. Qurbanlıq günü mütləq qurban kəsilməli, qurban əti şəklində kasıblara paylanmalıdır. Allah qurbanımızı qəbul etsin. Biz hər il dua edirdik ki, Allah torpaqlarımızı işğaldan azad etməyi bizə nəsib etsin. O torpaqlarda qismət olsun ki, bu il qurban kəsək. İnşallah, artıq arzumuza çatmışıq. Bu zəfəri bizə şəhidlərimiz və Ali Baş Komandanımız yaşatdı. Allah şəhidlərimizə rəhmət etsin və qazilərimizə də şəfa versin. Bu il azad olunmuş torpaqlarımızda da qurban kəsiləcək. Allah qurbanlarımızı qəbul eləsin, inşallah”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə